Xaçmazda traktorla avtoşluq edən şəxsə cəza verilib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bu il iyunun 22-də baş verib. Belə ki, rayonun Niyazoba kənd sakini Asəf Heydərov (ad və soyad şərtidir) idarə etdiyi “Traktor” markalı avtomobillə Xaçmaz şəhəri Bakı prospektində hərəkətdə olarkən avtomobilin nömrə nişanlarının işıqları nasaz olduğuna görə ərazidə xidmətdə olan yol patrul xidməti inspektorları tərəfindən saxlanılıb və yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilib. Ona qayda pozuntusu izah edilməklə avtomobilin duracağa aparılacağı bildirildikdə Asəf Heydərov traktora əyləşib idarə etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlama işarəsi verilməsinə baxmayaraq, şəhər ərazisində təhlükəli manevrlər etməklə və nəqliyyat vasitəsini saxlamamaqla polisin qanuni tələblərinə qəsdən tabe olmayıb.
Onun barəsində inzibati protokol tərtib edilərək Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən saat Asəf Heydərov törətdiyi əməldə özünü təqsirli bilib: “Saat 22:30 radələri idi və mən traktorla rayonun Bakı prospektində hərəkətdə olarkən avtomobilin nömrə nişanlarının işıqları nasaz olduğuna görə ərazidə xidmətdə olan yol patrul xidməti inspektorları tərəfindən saxlanıldım. Yoxlama zamanı dedilər ki, sənədim olmadığı üçün traktor duracağa aparılacaq. Mən də traktoru sürüb oradan uzaqlaşmaq istədim. Rayonun 28 may küçəsində yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldım”.
Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Asəf Heydərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 10 sutkalıq həbs cəzası verilib.
Lamiyə Məmmədova