Tamilla Sadıxova “Yüksəliş”dəki zəhərlənmədən danışdı - Məhsulları hardan aldığını açıqladı

12.11.2021 | 14:39 Oxunma sayı: 1506
Tamilla Sadıxova “Yüksəliş”dəki zəhərlənmədən danışdı

Bakıda “Yüksəliş” müsabiqəsinin imtahanınında iştirak edən 70 nəfərin zəhərlənməsinə görə ittiham edilən “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıxova məhkəmədə məhsulları haradan aldıqlarını açıqlayıb.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, 12 sentyabr 2020-ci ildə “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlanmalı olan ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları baş verib.

İmtahanı yeməklərlə təmin edən “Super Servis Keyterinqi” firmasının təsisçisi Tamilla Sadıxova 2 min manat cərimə edilib. Onu da deyək ki, T.Sadıxova Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıxovun qızıdır.

Zəhərlənənlər arasında texniki heyət, işçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxslərdən biri bildirib ki, o, həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 291 saylı Ekologiya liseyinin binasında keçirilən imtahanda iştirak edib:

“İmtahan saat 10-da başlayıb 12-də bitdi. İkinci mərhələ isə saat 15:00-da başlamalı idi. Nahar fasiləsində yeməkxanada yemək təşkil olundu və orada paketin içərisində toyuq ətindən hazırlanmış sendviç, pizza, xaçapuri var idi. Mən yalnız toyuq filesindən hazırlanmış sendviç, pizza yedim və şirə içdim. Sonra saat 15:10-da imtahan otaqlarına buraxıldıq və məndə ürək bulantısı, halsızlıq baş verdi. Bu təkcə məndə yox, başqalarında da oldu. Buna görə imtahan təxirə salındı. Həmin vaxt orda olan təcili tibbi yardım həkimləri məni 3 saylı kliniki xəstəxananın infeksion şöbəsinə apardı. Orada mədəm yuyuldu. Mənə “qida zəhərlənməsi” diaqnozu qoyulmuşdu".

Digər zərərəçəkmiş, DİN-nin Çevik Polis Alayının əməkdaşı ifadəsində bildirib ki, həmin gün o da Bakı şəhəri, Nərimanov rayonu İdarəetmə və Texnologiya Kollecində imtahan keçirələrkən ictimai asayişi qoruyanlardan biri olub:

“Nahar vaxtı mən və əməkdaşlarım yeməyə dəvət olunduq. Yemək kollecin həyətində təşkil edilmişdi. Orada stolun üzərinə düzülmüş yeməklərdən bir ədəd pizza, bir ədəd xaçapuri, bir ədəd sendviç və qazsız su götürüb həyətdə yedim. Təxminən bir saatdan sonra məndə ürək bulanması, qusma və mədə ağrısı baş verdi. Eyni hal digər yoldaşlarımda da baş verdi. Ona görə də biz yaxınlıqdakı xəstəxanaya müraciət etdik və orada tibbi yardım göstərildi".

Təqsirləndirilən Tamilla Sadıxova özünü tam təqsirli bilərək məlumat verib ki, “Super Servis Keyterinqi” firmasını 1993-cü ildə təsis edib: ““Yüksəliş” İctimai Birliyinin sədri firmanın ofisinə gəlib müraciət etdi ki, sentyabrın 12-də Bakı şəhərində 14, Sumqayıt şəhərində isə 1 təhsil müəssisəsində imtahan keçiriləcək, həmin təhsil müəssisələrində imtahan verənlər, texniki və digər xidmət göstərənlər üçün furşet hazırlayaq. Onların sifarişi ilə furşetə toyuq ətindən sendviç, mini pizza, mini xaçapuru, çay, qənd və limon daxil etdik. Müqavilə əsasında 1158 nəfərlik furşet hazırlamalı idik, nəqliyyat xidməti, ofisant xidməti, kokteyl stollar, çətirlər birlikdə, 18 % ƏDVdə daxil olmaqla ödəniləcək məbləğ cəmi 24.213,6 manat təşkil etdi”.

Tamilla Sadıxova ifadəsində bildirib ki, bundan sonra o, Bakı şəhərində müxtəlif iri marketlərdən ərzaq məhsulları almağa başlayıb: “Ərzaq məhsullarını “Koroğlu” və “20 Yanvar” metrostansiyasının yaxınlığınadakı “BRAVO” marketlərindən, Nərimanov rayonunda yerləşən “Araz” supermarketindən və “PROMART” marketindən alıb ofisinin mətbəxinə gətirdik və bütün ərzaq məhsullarını buz dolablarına yığdıq. Aldığımız məhsullardan sentyabrın 11-i gecə saatlarında sifarişləri hazırlamağa başladıq.  Daha sonra da həmin sifarişləri birdəfəlik qablara yığdıq. İmtahan olan gün səhər ictimai birliyin işçiləri sifarişləri bizdən götürərək lazımi məkanlara aparıblar. Qazlı içkiləri və meyvə şirələrini də özləri alıblar. Daha sonra firmamızın işçiləri həmin sifarişləri təhsil müəssisələrində stolların üzərində yerləşdiriblər”.

Tamilla Sadıxova onu da qeyd edib ki, orada sanitariya qaydalarına tam əməl edilib, işçiləri spirt, əlcək, maska, salfetka ilə tam təmin olunub: “Həmin gün saat 15 radələrində menecer Elnarə mənə məlumat verdi ki, hazırladıqları qidalardan aparıldığı 291 saylı orta məktəbdə və Bakı İdarəetmə və Texnologiya kollecində zəhərlənmə halları qeydə alınıb. Ona görə də dərhal Elnarə ilə Bakı İdarəetmə və Texnologiya kollecinə getdim, orada olan təcili tibbi yardım maşınına yaxınlaşıb nə hadisə baş verməsini soruşduqda həkimlər bildirdilər ki, ciddi məsələ yoxdur”.

Ərzaqlar üzərində aparılan araşdırmadan sonra məlum olub ki, hadisənin baş verməsinə səbəb qida məhsullarının düzgün şəraitdə saxlanılmamasıdır. Tamilla Sadıxova törətdiyi cinayət əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

Lamiyə Məmmədova


Digər xəbərlər