SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb

25.01.2022 | 11:56 Oxunma sayı: 1611
SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb

“SOCAR Construction” şirkətinin Rusiyaya gedən 101 əməkdaşının adına COVID-19 üçün saxta PCR test nəticələri hazırlayan MMC direktoru məhkəmə zalından azadlığa buraxılıb.

“Kriminalqafqaz” xəbər verir ki, turizm sahəsində fəaliyyət göstərən “ƏSR” MMC-nin direktoru Əsgər Bayramov “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva ilə əlbir olaraq 101 nəfərdən 12 min 120 manat alaraq saxta test nəticələri hazırlamaqda ittiham olunur.

Əsgər Bayramov məhkəmədə ifadəsində bildirib ki, şirkətin “Instagram” hesabına yerləşdirdiyi reklam vasitəsilə Rusiyada yaşayan Seymur Mürsəlovla tanış olub: “Seymur özünü “SOCAR”ın Rusiya Federasiyasında işləyən nümayəndəsi kimi təqdim etdi. Mayın 16-ı saat 21 üçün 101 nəfər Gəncə-Sank-Peterburq reysinə elektron biletlər aldığını dedi. Lakin vaxtın az olması səbəbindən həmin şəxslərin uçuşa buraxılmaları üçün faktiki olaraq tibb müəssisəsinə getmədən adlarına COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlər lazım olduğunu bildirdi. Buna görə mənim kömək etmək imkanımın olub-olmadığını soruşdu. Mən bu məsələ ilə əlaqədar tanışlardan maraqlanacağımı dedim”.

Ə.Bayramov qeyd edib ki, Rusiya istiqamətində turizm xidməti göstərən “ARKAN GROUP MMC”nin direktoru Sara kimi tanıdığı, lakin əsl adı Tünzalə Əliyeva olan şəxslə əlaqə saxlayıb: “Tünzalə Əliyeva hər adam sayına görə 120 manat müqabilində faktiki olaraq test verməməklərinə baxmayaraq “Oxygen” və “Leyla Medical Center” klinikalarında uçuşlar üçün neqativ nəticəli test cavabları ala biləcəyini, həmin sənədlərin “TƏBİB”in elektron sistemdən qeydiyyatdan keçirələcəyini dedi.

Bunun üçün vatsap sosial şəbəkəsindən biletləri alınmış şəxslərin xarici pasport şəkillərinin göndərməsini istədi. Dedi ki, sənədləşmə başa çatdıqdan və adamlar uçuşa başladıqdan sonra mənə də hörmət edəcək. Bu barədə Seymura məlumat verdim və o da 96 nəfərin pasport şəkillərini göndərdi, mən də onları Tünzaləyə göndərdim. Həmin gün Seymurun tanışı ilə görüşüb 7300 dollar aldım. Sonra həmin pulu Tünzalənin tanışı ilə görüşərək həmin şəxsə verdim. O isə 96 nəfərin test nəticələrini mənə təqdim etdi. Ardınca Seymura zəng edib sənədlərin məndə olduğunu dedim və təkrar onun tanışı ilə görüşüb nəticələri həmin adama verdim.

Mayın 18-i səhər saatlarında Seymur Mürsəlov zəng edərək 96 nəfərin adına verilmiş test nəticələrinin saxta olduğu üçün, yəni “TƏBİB”in elektron sistemində aşkar olunmaması səbəbindən uçuşun baş tutmadığını dedi. Buna görə də verilmiş pulun qaytarılmasını tələb etdi”.

Ə.Bayramov əməlindən peşman olduğunu bildirib və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.

"Həmin uçuşla Rusiyaya getmək istəyən şahidlərdən biri məhkəmədə deyib ki, mayın 6-da "SOCAR Construction” şirkətinin Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodunda boru montajı üçün işçi qrupu yığılması və iş yoldaşının da Rusiyaya getməyə hazırlaşdığını öyrənib: “Davud Məmmədovla əlaqə saxlayaraq həmin işlə bağlı Rusiyaya getmək istədiyimi dedim. Daha sonra görüşdükdə Davud Məmmədov bildirdi ki, Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən işlərin görülməsi üçün işçi qrupu yığılır, həmin işçi qrupunun təyyarə ilə uçuş biletlərinin alınmasının maliyələşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən həyata keçiriləcək. İşə görə yüksək əmək haqqı ödənilirdi, hər iş saatına görə 5 dollar verilirdi. Buna görə Rusiyaya getməyə razılıq verdim və Davud Məmmədovun tələbinə əsasən xarici pasportumun fotoşəklini onun mobil nömrəsinə “whatsapp” sosial şəbəkəsi ilə göndərdim”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Əsgər Bayramov saxta sənəd düzəltməkdə ittiham edilərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun həbsdə saxlanıldığı 3 ay 25 günlük müddətin ona təyin olunmuş cəza müddətini əhatə etdiyi qənaətinə gəlinib.

Bununla da, Əsgər Bayramov islah işləri cəzasını faktiki çəkmiş hesab edilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O məhkəmə zalından azadlığa buraxılıb.


Digər xəbərlər