SOCAR-a məxsus ərazini hasarlayan şəxs - “Həyətimdə yer yox idi”

24.06.2022 | 15:49 Oxunma sayı: 1925
SOCAR-a məxsus ərazini hasarlayan şəxs

SOCAR-a məxsus torpaqları hasara alaraq orada metal kontruksiyadan qeyri-yaşayış obyekti, yəni tikinti materiallarını yığmaq üçün saxlanc yeri tikən şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə örən ilin oktyabr-noyabr aylarında baş verib. Belə ki, Ağa Muradov (ad və soyad şərtidir) Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun solunda, dövlət mülkiyyətinə aid, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılan, daimi istifadəsinə verilən sənaye təyinatlı və potensial partlayış təhlükəli torpaq sahəsini zəbt edib. Daha sonra onun üzərində dəmir metal lövhələrlə hasar çəkərək qeyri-yaşayış obyekti, yəni tikinti materiallarını yığmaq üçün saxlanc yeri tikib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Ağa Muradov bildirib ki, həyətində yer olmadığına görə əşyaları yığmaq üçün həmin torpaqların üzərində hasar çəkərək obyekt qurub:

“Həmin ərazinin yaxınlığında bağ evim var. Həyətimdə şərait olmadığına görə təxminən 5 il əvvəl elə evimin yaxınlığındakə boş sahədə hasar çəkib, obyekt qurdum və əşyaları da ora yığdım. Hətta orada ağaclar da əkib bağ kimi istifadə etmişəm. Ötən il isə istədim ki, həmin obyekti biraz böyütüm. Buna səbəb həm də onun artıq köhnəlməsi olmuşdu. Orada dəmir metal konstruksiyadan istifadə edərək tikinti-quraşdırma işləri aparan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları gəldilər. Komitənin əməkdaşları mənə bildirdilər ki, bu ərazi dövlət neft şirkətinindir və apardığım tikinti-quraşdırma işləri qanunsuzdur. Onlara dedim ki, mən artıq illərdir ki, burada özümə məxsus tikinti materiallarını və digər əşyalarını saxlayıram, hazırda yer köhnəldiyinə görə, eyni zamanda balaca olduğuna görə oranı söküb böyütmək qərarına gəlmişəm. Onlar dedi işi saxla və mən də saxladım”.

Məhkəmədə zərərəçəkmiş şəxsin nümayəndəsi də ifadə verib və o bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb:

“İdarənin əməkdaşları monitorinq aparan zaman burada vətəndaş Ağa Muradovun torpağı zəbt edərək hasara aldığını və içində obyekt qurduğunun şahidi olublar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına və Əmlak Məsələləri Dövlət Xidmətinə idarə tərəfindən müraciət olundu. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinın əməkdaşları tərəfindən sözügedən ərazi ilə bağlı araşdırma aparılıb və quraşdırma işlərinin Ağa Muradov tərəfindən müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilib. Hazirda onun tərəfindən dəymiş ziyan ödənilib, bu səbəbdən də Ağa Muradovla barışıq əldə etmişik. Ondan heç bir şikayət və tələbimiz yoxdur”.

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə Ağa Muradov CM-nin 188.1 və 188.2-ci maddələri (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Lamiyə Məmmədova


Digər xəbərlər