“Rəis işlətdiyi qazın, suyun pulunu ödəmir, haqq tələb edir”

06.07.2022 | 15:03 Oxunma sayı: 2785
“Rəis işlətdiyi qazın, suyun pulunu ödəmir, haqq tələb edir”

“Ağsu Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov və rəis müavini Vüsal Əliyev rayonda qeyri-qanuni hərəkətlər edirlər”.

Bu iddia ilə “Kriminalqafqaz”a adının açıqlanmasını istəməyən rayon sakini müraciət edib: “Küçədə kimsə alver edirsə, ondan haqq tələb edib icazə verirlər. Pul verməyənə icazə vermirlər. Bir müddət öncə “Azərsu”yun rayon şöbəsinin rəisi Elçin Muxtarov MERO (DİN-in Ağsu rayon Qeydiyyat-imtahan Şöbəsini nəzərdə tutur) işlənən suya görə rəisdən su pulunu ödəməsini tələb etmişdi. Həm də rəis müavini Vüsal Əliyevdən evində işlətdiyi suya görə ödəniş istəmişdi. Dərhal sonra su idarəsinin rəisinin maşınını tutub “ştrafnoy”a saldılar. Polis rəisi “Azərsu”yun rayon şöbəsinin rəisinə deyib ki, bundan sonra sənə su pulu ödənilməyəcək”.

Vətəndaşın sözlərinə görə, rəis Fəxrəddin Abbasov kommunal ödənişlərə görə dövlətə pul ödəmir: “Şöbənin binasının yanında Rəsulzadə küçəsində yaşayır. Bu günə kimi həmin evdə istifadə etdiyi işıq, su, qaza görə bir qəpik də pul ödəməyib. Fəxrəddin Abbasov şöbəyə gələn qaz xəttindən öz evinə “leviy” turba çəkdirib, evində istifadə etdiyi qazın pulunu dövlətin şöbə üçün ayırdığı puldan verir.

Fəxrəddin Abbasov və müavini Vüsal Əliyev rayonda qanunsuz işlərlə məşğuldurlar, istədiklərini edirlər. Bu yaxınlarda icra hakimiyyətinə girib bir işçini də qanunsuz tutub şöbəyə aparıb pul tələb ediblər”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Xidmətin Şəki regional qrupunun baş inspektoru, polis baş leytanantı Mahir Məsimov cavab olaraq bildirdi ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dövlət qurumunun yerli idarəsinə məxsus xidməti avtomobilin qərəzli şəkildə cərimə meydançasına yerləşdirilməsi ilə bağlı iddialar əsassızdır: “İyunun 23-də qeyd edilən avtomobilin sürücüsü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtomobil müvəqqəti duracağa yerləşdirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Polis Şöbəsi rəhbərliyi tərəfindən kommunal xərclərin ödənilməməsi ilə bağlı iddialara gəldikdə isə onların yaşadıqları ünvanlarda smart-kart tipli sayğaclar quraşdırılıb. Bildiyiniz kimi həmin sayğac kartlarına abonent ödəniş etməzsə, kommunal xidmətlərdən istifadə etməsi mümkünsüzdür”.

DİN rəsmisi İcra Hakimiyyyətinin əməkdaşının qanunsuz olaraq saxlanılması və ona qarşı tələblər irəli sürülməsi ilə bağlı qeyd olunan iddiaların da həqiqəti əks etdirmədiyini bildirib: “Belə ki, marketlər şəbəkəsinin birinin əməkdaşı polis şöbəsinə müraciət edərək işlədiyi mağazada tanımadığı bir nəfər tərəfindən ona saxta pul əskinasının verilməsi ilə bağlı müraciət edib. Həmin müraciətlə əlaqədar icra hakimiyyətinin əməkdaşı şöbəyə dəvət olunub və ifadəsi alınıb. Aparılan araşdırma zamanı fakt öz təsdiqini tapmayıb. Belə ki, satıcı, əskinasın zədələnmiş vəziyyətdə olduğunu görərək onun saxta olduğunu zənn etsə də, araşdırmanın nəticəsinə əsasən əslində onun saxta olmadığı müəyyən edilib.

Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı məsələyə gəldikdə isə rayon ərazisində bu kimi hallara qarşı mütəmadi olaraq mübarizə aparılır, həmin fəaliyyətlə məşğul olanlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür, çünki müəyyən edilməyən yerlərdə, səkilərdə ticarətlə məşğul olmaq piyadaların, eləcə də digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olur”.

Amin Nəzərli


Digər xəbərlər