Qadın qardaşını uşaqların şirniyyatını yemək istədiyi üçün öldürübmüş

24.09.2021 | 16:30 Oxunma sayı: 1268
Qadın qardaşını uşaqların şirniyyatını yemək istədiyi üçün öldürübmüş

Ağdaşda bacının qardaşı öldürməsi ilə nəticələnin qətl hadisəsinin təfərrüatları məlum olub.

“Kriminalqafqaz”ın məhkəmə materiallarına istinadən verdiyi xəbərə görə, hadisə ötən ilin noyabrında rayonun Xosrov kəndində baş verib. Ailə münaqişəsi zəminində 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovu bıçaqlayaraq öldürüb.

2 uşaq anası olan Ü.Ələkbərova əri ilə münasibətləri pis olduğu üçün bir müddət öncə ata evinə köçüb orada yaşayırmış. O, ifadəsində qardaşının əsəb xəstəsi olduğunu, buna görə də evdə hər gün dava-dalaş yaratdığını, ata-anasını döydüyünü bildirib:

“6 il əvvəl Xancanın ailəsi dağılmışdı, həmin vaxtdan ata-anamı, məni və bacılarımı buna görə günahlandırırdı. Anamı döydüyünə görə 6 ay həbs də olunmuşdu. 1 saylı Respublika Psixiatriya Mərkəzində müalicə alıb.

Hadisə günü evdə uşaqlarla televizora baxırdıq. Xancan şirniyyat istədi, evdə cəmi 3 ədəd şirin çörək olduğunu və həmin şirniyyatların uşaqlar üçün olduğunu dedim. Xancan əhəmiyyət verməyib şirniyyatları götürmək istədi. Qarşısına keçib götürməsinə mane oldum, məni itələyib şillə vurdu, saçımdan tutub sürüdü. Çətinliklə Xancanın əlindən çıxıb mətbəxdən bıçaq götürdüm, özümü qorumağa çalışdım. Məni yumruqla vurmaq istəyəndə özümü müdafiə məqsədilə sol qolundan və döş nahiyəsindən bıçaqladım. Məni yerə yıxıb ayaqları ilə boynumdan sıxıb boğmağa çalışdı, başımdan zərbələr vurdu. Özümü qorumaq üçün Xancanın başından vurdum. Otaqdan çıxmaq istəyərkən əlimdən tutub dişlədi. Bu dəfə belindən zərbə vurdum, Xancan yıxılıb qaldı. Niyyətim qardaşımı öldürmək olmayıb, özümü qorumaq üçün etmişəm”.

Məhkəmə-tibbi ekspertizası zamanı Xancanın hadisə vaxtı spirtli içki qəbul etdiyi aşkar olunub. Məhkəmə istintaqı qərar verib ki, Ülkərin iddia etdiyi kimi hadisəni törətdiyi an özünü müdafiə məqsədi güdməyib. Xancan Umarov bacısına hücum edərək onu döysə də, qətlin törədildiyi anda Xancanın bacısı üçün hər hansı həyati təhlükəsi olmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülkər Ələkbərovaya 9 il azadlıqdan məhrumetmə cəzası verilib.


Digər xəbərlər