Özündən 10 yaş balaca qızı qaçırdı - Dostları və özü həbs olundu

25.10.2021 | 11:59 Oxunma sayı: 512
Özündən 10 yaş balaca qızı qaçırdı

Şəmkirdə özündən 10 yaş balaca qızı evlənmək məqsədilə qaçıran şəxs məhkəmdə hadisənin təfərrüatlarını danışıb.

“Kriminalqafqaz” xəbər verir ki, 28 yaşlı İlham Kərimov tanışlarının köməyi ilə 18 yaşlı Könül Ağayevanı (ad və soyad şərtidir) evlənmək məqsədi ilə işlədiyi mağazadan qaçırıb.

Məhkəmədə dindirilən İ.Kərimov hadisəni tək törətmədiyini deyib: “Bu ilin mayın 17-də qaynım Orxana zəng edərək bir qızdan xoşum gəldiyini, onunla evlənmək istədiyimi dedim. O da elçi getməyi məsləhət gördü, amma Könülün anası bu evliliyə qarşı idi. Ona görə də qızı qaçırtmaq istədiyimi dedim. Orxan da mənimlə razılaşdı, sonra dostum Zahidə zəng etdim, ona da qız qaçırtmaq istədiyimi dedim.

Həmin gün axşamüstü Könülün işlədiyi mağazaya getdim. Orada ona yaxınlaşıb sağ qolundan tutub, boynundan sıxdım. Elə həmin vaxt Könülün ürəyi getdi, mağazadakı qız Könülə kömək etmək istəyəndə ona icazə vermədim. Könülü qucağıma götürüb özümlə mağazanın qarşısında saxladığım avtomobilə mindirdim. Avtomobildə Orxan və Zahid də var idi. Könül ayılanda onu buraxmağımı tələb etdi, mən isə onun sözlərinə məhəl qoymadan yola davam etdim. Könülə sakit olmasını, kiməsə onu zorla qaçırdığımı deməməsini, onu buraxacağımı dedim. Dəllər-Cəyir kəndinə gedib Könülü orada yaşayan dayımın evinə apardım. Orada Könüldən onu zorla qaçırıb-qaçırmadığımı soruşdu. Könül də zorla qaçırılmadığını, mənlə istəyərək gəldiyini, lakin anasının bu evliliyə razı olmadığını dedi.

Evdə çox adam olduğundan Könülün narahat olmaması üçün Dəllər-Daşbulaq kəndində yaşayan tanışım Füzuligilə apardım. Polislər məni tapmasın deyə avtomobilimi yaxınlıqdakı dəmiryolunun yanında gizlətdim. Həmin vaxt Könülə anasının narahat olmaması üçün Sübhanənin telefonu ilə mesaj yazmağını dedim. Könül da anasına mənim onu zorla qaçırmadığımı, bura öz istəyi ilə gəldiyi mesajını yazdı. Könülün anası mesajı yazanın qızının olub-olmadığını dəqiqləşdirmək üçün videozəng etməyi tələb etdi. Könül anasına səsli mesaj göndərdi. Biraz sonra polislər gəldi”.

Məhkəmədə dindirilən Könül Ağayeva ifadəsində İ.Kərimovla çox az müddətdir tanış olduqlarını deyib: “Mən optika mağazasında satıcı işləyirdim. İlham da həmin mağazanın qarşısında bərbərxanada işləyirdi. Hər gün mənlə danışıb hal-əhval tuturdu. Hadisədən 2-3 gün əvvəl İlham mənə yaxınlaşaraq tək danışmaq istədiyini dedi. Danışanda sevgi etirafı elədi və mənimlə evlənmək istədiyini dedi. Mən də anama bu haqda dedim və telefonda İlhamın şəklini göstərdim. Anam İlhamı bəyənmədi, mən də gəlib bu haqda İlhama dedim. O da mənə "yaxşı" deyib getdi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İlham Kərimova 8 il 6 ay, Orxan Babayevə 7 il 9 ay,  Zahid Qayıbova 7 il 8 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Digər xəbərlər