Oyuncaq silahla lombard işçisini hədələyənin cəzası azaldı - Bacısının qızıllarını tələb etmişdi

14.10.2021 | 16:25 Oxunma sayı: 464
Oyuncaq silahla lombard işçisini hədələyənin cəzası azaldı

Bacısının qızıllarını geri almaq üçün lombard sahibini oyuncaq silahla hədələyib həbs olunan məhkumun cəzası azaldılıb. 

“Kriminalqafqaz” xəbər verir ki, ötən ilin noyabrında saat 12:45 radələrində paytaxt ərazisində yerləşən lombardların birində baş verib.

Belə ki, paytaxt sakini Emin Qasımov oyuncaq silahla Nizami rayonu, M.Abbasov küçəsi ilə Qara Qarayev prospekti kəsişməsində yerləşən, lombarda gəlib və obyektin işçisi Nəzakət Vəliyevanı qorxudaraq ona qarşı soyğunçuluq edib. 

Məhkəmədə dindirilən E.Qasımov hadisəni soyğunçuluq məsqədi ilə törətmədiyini deyib: “Bakı şəhərində anam Sahibə və bacım Fərəhlə birgə yaşayıram. Bacım Fərəh qızıllarını lombarda girov qoymuşdu. Anamla bacımın söhbətlərindən belə başa düşdüm ki, lombardda işləyən Nəzakət adlı qadın bacımın qızıllarını satmaq istəyir, pulu gecikdirdiyinə görə onu hədələyir. Bu məsələni araşdırmaq üçün ötən ilin noyabrın 4-də saat təxminən 12 radələrində lombarda gəldim və orada Nəzakət xanımı gördüm. Bacımın qızıllarını satmaması məqsədilə onu qorxutmaq üçün üzərimdə özümlə gətirdiyim oyuncaq silahı Nəzakətə doğru uzadaraq hədələməyə başladım. Bir əlimdə silahı digər əlimdə isə sənədləri tutmuşdum, sənədləri ona uzadaraq kassanı açmasını tələb etdim. 

Məndən kim olduğumu soruşanda ona Fərəhin qardaşı olduğumu dedim və seyfi açmasını tələb etdim. O, mənə açarı verdi ki, seyfi özüm açım, seyfi aça bilməyəndə ondan qızılları satıb-satmadığını soruşdum. O da mənə müdriyyətlə danışmağı təklif etdi və mənə telefonu uzatdı. Mən müdriyyətə zəng edən zaman, içəri iki polis daxil oldu. Bu zaman Nəzakət qışqıraraq məndə silah olduğunu dedi. Onlar üzərimə baxış keçirən zaman özümlə gətirdiyim silahın oyuncaq olduğunu görüb, məni özləri ilə apardılar. Onu da qeyd edim ki, mənim məqsədim lombardı soymaq, quldurluq etmək deyildi. Sadəcə bacıma aid olan qızılları satıb-satmadığını öyrənmək, qızılları satmaması üçün onu qorxutmaq istəyirdim. Tutduğum əməldən qismən peşmanam”.   

Həmçinin E.Qasımov hadisəni törətdiyi gün narkotik vasitənin təsirində olduğunu da etiraf edib: “Hadisədən bir gün öncə Aleks adlı narkotik satan tanışımdan 200 manata 6 qram “patı” aldım, qutunun içərisində “marixuana” da var idi. O, mənə “marixuana”nı hədiyyə etdiyini dedi. Lombarda getməmişdən öncə Aleksin mənə hədiyyə etdiyi “marixuana”dan istifadə etmişdim”. 

Məhkəmədə dindirilən N.Vəliyeva ifadəsində E.Qasımovun ondan qızıllardan əlavə pulları verməsini tələb etdiyini deyib: “İşlədiyim lombard otağında hər hansı hücum olarsa, mühafizə polisinə təhlükə siqnalı vermək üçün düymə yerləşdirilib. Qeyd edilən tarix və saatda lombardda tək olarkən Emin içəri daxil oldu. Pencəyinin içərisində gizlətdiyi silahı mənə doğru uzadaraq məndən ona qızılları və pulları verməyimi dedi. Bu zaman içəri müştəri daxil oldu, silahı tez gizlədərək, müştəriyə bizim şəxsi söhbət etdiyimizi, onda çölə çıxmasını dedi. Müştəri getdikdən sonra silahı yenidən çıxarıb məni hədələməyə başladı. Açarı məndən istədikdə mən seyfin açarını yox, başqa açar verdim. Həmin vaxt kassada ümumilikdə 5100 manat pul var idi. O, seyfi aça bilməyəndə hirsləndi, mən də həmin an polisləri çağırmaq üçün düyməni sıxdım. Vaxt qazanmaq üçün ona müdriyyətlə danışmağı təklif etdim. O, telefonu götürmək istəyən zaman içəri polislər girdi. Sonradan öyrəndim ki, əlindəki silah oyuncaq imiş. Həmin hadisədən sonra özümə gələ bilmirəm. Amma Emindən şikayətçi deyiləm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə E.Qasımovun cəzasını 8 ilə endirilib.


Digər xəbərlər