“Nərgizi öldürüb kafeyə gedib xaş yedim, sonra da polisə təslim oldum”

27.01.2022 | 11:17 Oxunma sayı: 1067
“Nərgizi öldürüb kafeyə gedib xaş yedim, sonra da polisə təslim oldum”

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Aqil Mustafayevə hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda baş verib. O, qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

Məhkəmə istintaqında məlum olub ki, Aqil Mustafayev gec saatlaradək arvadı Nərgiz Mustafayevanın işdən qayıtmadığını görüb ona zəng edib. Telefona zəng çatmadığı üçün əsəbləşib. Bir qədər sonra arvadı ona geri zəng edərək Tərtərdə xınayaxdı mərasimində aparıcılıq etdiyini, müdirinin onun telefonu ilə danışdığını deyib. Gecə saat 1 radələrində Nərgiz evə gəlib. Aqil arvadının ona xəyanət etməsini ehtimal edib və çarpayının altında gizlənərək arvadının telefonla danışığını dinləyib. O, Nərgizin sakit səslə başqa şəxslə danışdığını gördükdən sonra cinayəti törətmək qərarına gəlib. A.Mustafayev çarpayının altından qəfil çıxaraq həyat yoldaşının müqavimətini qırdıqdan sonra onu boğaraq öldürüb.

Məhkəmədə dindirilən A.Mustafayev deyib ki, əvvəllər münasibətləri normal olub: “Nərgiz xınayaxdı şənliklərində aparıcılıq edirdi. Normalda işdən 9-10 radələrində gələrdi. Son 2 ayda evə gec gəlməyə başladı, saat 12-1 radələrində gəlirdi. Kiminləsə telefonla danışdığını görmüşdüm deyə içimdə şübhə yaranmışdı. Nərgiz mənə iş yoldaşları ilə danışdığını deyirdi. Daha sonra boşanmaq üçün məhkəməyə ərizə verdiyini dedi. Sonuncu dəfə mənə yalan danışdığını hiss etmişdim. Hadisə günü evə gecə saat 2-də gəldi. Bir maşın Nərgizi düşürdüb getdi. Çrpayının altında gizlənib onun danışığına qulaq asdım. “Kirayə tutub, gedib başqa yerdə qalarıq” dediyini eşitdim. Çarpayının altından çıxıb Nərgizi boğdum. Sonra kafeyə gedib xaş yedim. Daha sonra taksiyə minib polis şöbəsinə getdim. Belimdən kəməri çıxarıb növbətçi polisə təqdim edərək arvadımı öldürdüyümü dedim”.

Amin Nəzərli


Digər xəbərlər