Müəllim “sən kişi olsaydın, xəyanət etməzdim” deyən arvadını öldürüb

29.12.2021 | 13:30 Oxunma sayı: 2503
Müəllim “sən kişi olsaydın, xəyanət etməzdim” deyən arvadını öldürüb

Qəbələdə ona xəyanət etdiyindən şübhələndiyi həyat yoldaşını qətlə yetirən ingilis dili müəlliminin cəzası azaldılıb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə 2019-cu ilin mayında rayonun Mirzəbəyli kəndində baş verib.

Müəllim Qafar Qəniyev (ad-soyad şərtidir) 2006-cı ildən evli olduğu 1986-cı il təvəllüdlü arvadının qonşusu ilə ona xəyanət etməsindən şübhələnib. 2019-cu ilin fevralından onları izləməyə başlayıb. 20 may 2019-cu ildə yaşadıqları evin həyətindəki yarımçıq tikilidə arvadı ilə qonşu kişini olarkən görüb. Qonşu oradan qaçıb, qadın isə qaçaraq evin mətbəxinə girib. Qafar Qəniyev ondan nə üçün xəyanət etdiyini soruşduqda qadın “yaxşı etmişəm, sən kişi olsaydın, eləməzdim” deyib. Bu sözdən sonra müəllim mətbəx bıçağı ilə arvadının boğazından iki zərbə vuraraq onu öldürüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Qəniyev 10 il azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü dəyişdirərək, onun cəza müddətini 9 ilə endirib.

Təqsirləndirilən şəxs bu hökmdən də kassasiya şikayəti verib. Lakin daha sonra öz istəyi ilə ərizəsini geri götürüb. Ali Məhkəmə şikayətin baxışdan çıxarılmasını qəbul edib və Q.Qəniyevin cəza müddəti 9 il olaraq saxlanılıb.

Amin Nəzərli


Digər xəbərlər