“Mirvarinin üstündə oturub ona 26 bıçaq vurdum” - Sevgilisini öldürməsindən danışdı

25.10.2021 | 22:11 Oxunma sayı: 411
“Mirvarinin üstündə oturub ona 26 bıçaq vurdum”

Ucar rayonunda sevgilisini xüsusi amansızlıqla qətlə yetirən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqının bəzi məqamları bəlli olub.

“Kriminalqafqaz” xəbər verir ki, 1988-ci il təvəllüdlü Q.Məmmədov bu ilin aprelində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ucar şəhər sakini 1985-ci il təvəllüdlü Mirvari Nağıyevanı (ad və soyad şərtidir) 26 bıçaq zərbəsi ilə öldürüb.

Qasım Məmmədov məhkəmədə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Mirvari ilə 2014-cü ildən sevgili münasibətlərində olublar: “2020-ci ildə Bakıda kirayədə qaldıq. 2021-ci ilin yanvarından isə Ucarın Qarabörk kəndində yerləşən ata həyətimdə yaşamağa başladıq. Həyətdə bacım və qardaşımgil ayrı evdə yaşayırdılar. Dəfələrlə Mirvari ilə aramızda mübahisələr olurdu. Mirvarinin bacısı onun mənimlə yaşamasını istəmirdi, dəfələrlə bizə gəlib onu ata evinə aparmaq istəmişdi. Hadisə günü yenə bacısı bizdə idi. Evdə olarkən Mirvari mənim ünvanıma və ata-anamın qəbrinə nalayiq sözlər dedi. Əsəbləşib stolun üzərindəki bacısına məxsus mobil telefonu qıraraq həyətə tərəf atdım.

Bundan sonra Mirvarinin davamlı olaraq məni təhqir etməsindən əsəbiləşib stolun üzərindəki mətbəx bıçağını götürüb onun sinəsinə zərbə vurdum. Zərbənin təsirindən yerə yıxıldı. Həmin vaxt həyətə çıxıb cibimdəki telefon və pulu bacım qızına verib geri qayıtdım. Otağa daxil olub Mirvariyə çoxsaylı zərbələr vurdum. Üstünə oturub bıçaqla vurmağı davam etdirdikdə otağın qapısı açıldı. İçəri qardaşım arvadı daxil oldu və bizi ayırmaq üçün yaxınlaşdığını görüb üstünə qışqıraraq otağı tərk etməsini bildirdim. Həmin vaxtı dizlərim üstə Mirvarinin üstündə oturub ona çoxsaylı bıçaq zərbələri vurarkən bacısı arxadan köynəyimdən tutub məni çəkdi. Ayırmağa gücü çatmadığı üçün otaqdakı çayniki götürüb başıma vurdu. Yenə də ayıra bilmədiyindən dəmir tava götürüb başımdan vurdu. Huşumu itirib yerə uzandım. Gözlərimi açdıqda Mirvarini vurduğum bıçaqla otağın qapısından həyətə çıxaraq qaçdığını gördüm. Ayaq üstə qalxmağa taqətim olmadı. Xəstəxanada olarkən Mirvarinin orada öldüyünü öyrəndim”.

M.Nağıyevanın bacısı İ.Nağıyeva məhkəməyə ifadəsində bacısının tez-tez Qasım tərəfindən döyüldüyünü və buna görə də evdən getmək istədiyini bildirib: “Bacıma ad günü hədiyyəsi kimi mobil telefon vermək istəsəm də, Qasım onun digər kişilərlə danışacağından ehtiyat edib buna razılıq vermədi. Daha sonra çölə çıxıb qısa müddətdən sonra evə girdi. Belindəki bıçağı çıxararaq bacımın üstünə hücum etdi. Üzərində dizlərini aralayıb oturdu. Mirvari yerdə uzanıqlı vəziyyətdə qışqırmasına baxmayaraq Qasım onu bıçaqlamağa davam edirdi”.

Q.Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan olunub. Şəki Ağır Cinayətlər Məhkəməsi hökmü ilə 16 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Amin Nəzərli


Digər xəbərlər