“Mənə 70 min atdılar, müstəntiq işə xitam verdi”

23.11.2022 | 12:06 Oxunma sayı: 824
“Mənə 70 min atdılar, müstəntiq işə xitam verdi”

Bakı sakini Mübariz Rzayev dələduzluğa görə şikayət etdiyi şəxslə bağlı Bakı Şəhər Baş Polis İdarəsində ədalətli araşdırma aparılmadığını deyir. 

O, “Qafqazinfo”ya müraciətində bildirib ki, 70 min manatını mənimsəməkdə təqsirli bilinən şəxs həbs olunsa da, 10 gün sonra azadlığa buraxılıb. Daha sonra isə işə baxan müstəntiq cinayət işinə xitam verib.

M.Rzayevin sözlərinə görə, əvvəldən tanıdığı Xəyyam Əhmədov ona məxsus obyekti təmir etmək üçün 70 min manatını alıb: “Xəyyam hər dəfə pulun müəyyən hissəsini götürəndə təmir işləri ilə bağlı xeyli işlər gördüyünü deyərək məni inandırırdı. İşlərimin çoxluğuna görə gedib təmir vəziyyəti ilə yerində tanış ola bilmirdim. Bir gün Xəyyam gəlib dedi ki, obyekt üçün alıb yığdığı materiallar oğurlanıb. Buna görə də məndən əlavə 40 min manat istədi. Mən bu məsələdən şübhələnib obyektə getdim. Gördüm ki, bu müddət ərzində Xəyyam məni aldadıb, çox az miqdarda iş görülüb. Oturub hesabat apardıq, məlum oldu ki, cəmi 21 min manatlıq iş görülüb. Qalan pulun harada olduğunu soruşanda gah dedi, şəxsi məqsədlərinə xərcləyib, gah da dedi, o pula material alıb, onlar da oğurlanıb. Mən də bundan sonra Xəyyamdan qalan pulu tələb etdim. Bir neçə gün sonra Həmzə adlı şəxs zəng edərək obyekt üçün pilləkən düzəltdiyini, amma Xəyyamın ona pul vermədiyini dedi. Məlum oldu ki, Xəyyam Həmzə ilə işi 3500 manata razılaşıb, mənə isə həmin işi 6500 manata görüldüyünü deyib. Bütün bunlardan sonra hüquq-mühafizə orqanlarına müraciət edərək işin araşdırılmasını istədim”.

Fotoda: tikinti aparılan obyekt

Mübariz Rzayev qeyd edir ki, şikayəti əsasında Xəyyam Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Mahmud Quliyevin icraatına verilib: “İstintaq dövründə ekspert rəy verdi ki, evdə təxminən 22 min manatlıq təmir işləri görülüb. Xəyyamın məndən pul almasına dair və usta Həmzə İsmayılovla işin qiymətini razılaşdırmasına dair danışıqlar, səs yazıları da istintaqa təqdim edildi. Əvvəlcə Xəyyam həbs edildi, amma 10 gün sonra ev dustaqlığına buraxıldı. İki ay sonra da müstəntiq, ümumiyyətlə, cinayət işinə xitam verdi. Müstəntiq qərarını belə əsaslandırdı ki, guya, Xəyyam Əhmədovun məni aldadaraq pulumu ələ keçirmək niyyəti olmayıb. Sadəcə mən pulu bir dəfəyə yox, hissə-hissə verdiyim üçün Xəyyam işi vaxtında çatdıra bilməyib. Yekun olaraq, burada cinayət tərkibi olmadığını, işin mülki xarakterli olduğunu qeyd etdi. Halbuki mən işlərin gec çatdırılmasından yox, Xəyyamın pulumu mənimsəməsindən, ustaları aldatmasından şikayətimi bildirmişəm.

Xəyyam Əhmədov özü də ifadəsində bildirib ki, pulu şəxsi məqsədlərinə görə xərcləməsini mənə bəhanə kimi deyib. Obyektdə görülən işlər isə müstəntiqin qərarında qeyd etdiyi kimi əsaslı yox, cüzi miqdarda olub. Buradan görünür ki, müstəntiqin guya əsaslı təmir işlərinin görülməsi barədə gəldiyi qənaət qərəzlidir, ekspert rəyi ilə ziddiyyət təşkil edir. Oğurluqla bağlı bəhanəni də polislər araşdırdı və belə bir hadisənin baş vermədiyi məlum oldu.

Müstəntiqin gəldiyi nəticə cinayət işinin halları ilə ziddiyyət təşkil edir, qərəzlidir. Xəyyam Əhmədovun bütün bu yalanları onu göstərir ki, onun niyyəti əvvəldən məni aldadaraq pulumu ələ keçirmək olub. Müstəntiqin ya cinayət işindən xəbəri yoxdur, ya da ki, qərəzlidir”.

Mübariz Rzayev müstəntiqin cinayət işinə xitam verilməsi qərarından məhkəməyə şikayət edərək qeyd edilən məzmunda əsaslandırıb. Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın qərarı ilə müstəntiq Mahmud Quliyevin istintaq hərəkətlərinin əsassız olduğu qənaətinə gəlinib və cinayət işinə xitam verilməsi barədə qərar ləğv edilərək iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb.

Fotoda: tikinti aparılan obyekt

Vətəndaşın narazılığı ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) də sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirdi ki, hazırda iş üzrə istintaq aparılır: “Cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində icraata qəbul edilib. Cinayət Prosessual qanunvericiliyə uyğun olaraq cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

 


Digər xəbərlər