“Kia Motors” və “Ştutqart” arasında loqo davası - İş məhkəmədədir

02.12.2021 | 14:11 Oxunma sayı: 1140
“Kia Motors” və “Ştutqart” arasında loqo davası

“Kia Motors” şirkəti “Ştutqart” MMC-yə qarşı məhkəmədə iddia qaldırıb.

“Kriminalqafqaz” xəbər verir ki, məşhur avtomobil firması Azərbaycanda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan “Ştutqart” mağazalarını “Kia”nın loqosunu icazəsiz istifadə etməkdə günahlandırıb.

İddiaya görə, Azərbaycanda avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən “Ştutqart” mağazalar şəbəkəsi filialların önünə “Kia” loqosunu vurmaqla müştəriləri cəlb edərək satışlarını artırıb.

Məsələ ilə bağlı “Kia Motors”la əlaqə saxlasaq da, şirkətin baş mühasibi məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini qeyd edib.

“Ştutqart” mağazalar şəbəkəsindən saytımıza verilən açıqlamada isə bildirilib ki, loqolar artıq mağazaların fasadından sökülüb: “Biz hansı avtomobilin ehtiyat hissələrini satırıqsa, insanların məlumatlanması üçün həmin avtomobilin loqosunu mağazanın önünə vururuq. Amma “Kia Motors” Azərbaycanda “Kia” avtomobillərinin rəsmi distribütoru olduğu üçün bizim mağazaların önündə loqonun vurulmasına qarşı çıxıb. Bu məsələni bizə bildirəndən sonra mağaza rəhbərliyinin göstərişi ilə bütün filialların önündən loqolar söküldü”.

Qeyd edək ki, “Kia Motors” məhkəmədə iddiasını davam etdirir. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Amin Nəzərli


Digər xəbərlər