Keçmiş sevgilisini və onun tanışlarını vintaçanla vurana cəza verildi

25.10.2021 | 09:16 Oxunma sayı: 486
Keçmiş sevgilisini və onun tanışlarını vintaçanla vurana cəza verildi

Bu ilin iyunun 4-də Bakıda keçmiş sevgilisi və onun tanışlarını vintaçanla döyüb xəsarətlər yetirən şəxs məhkəmədə hadisənin detallarını danışıb.

“Kriminalqafqaz” xəbər verir ki, təqsirləndirilən Səttar Rüstəmov keçmiş sevgilisi Fidan Bayramovaya (ad şərtidir) və sonuncunun tanışları Elmir Vəzirovla Həmid Babayevə vintaçanla xəsarətlər yetirərək onlara ağır dərəcəli bədən xəsarətləri yetirib.

Məlum olub ki, S.Rüstəmov F.Bayramovla Binə qəsəbəsində yerləşən “Şeş Qoşa” restoranında tanış olub. Səttar həmin kafedə ofisiant işləyən Fidanla bir müddət sevgili münasibəti yaşayıb. Daha sonra Fidanın kafenin digər müştərisi Həmid Babayevlə münasibətləri yaranıb. Bunu görən S.Rüstəmov Fidanı, Həmidi və onun dostunu əvvəlcə baltalamaq istəyib. Daha sonra vintaçanla xəsarətlər yetirib.

Məhkəmədəki ifadəsində S.Rüstəmov F.Bayramovanın onu E. Vəzirovla və H.Babayevlə aldatdığını deyib: “Evimizə yaxın olduğu üçün “Şeş Qoşa” restoranına tez-tez gedirdim. Fidanla bir müddətdir münasibətimiz var idi. Bir gün gecə vaxtı maşınla onu işdən evlərinə apardım. Onu düşürəndən sonra gördüm ki, evə girmədən geri qayıdır. Ondan hara getdiyini soruşdum. Mənə dedi ki, mağazaya siqaret almağa gedir. Daha sonra onu maşınla mağazaya apardım. Qayıdanda Fidan özünü şübhəli apardı. Daha sonra qarşıda kafedən tanıdığım Elmirin bir oğlanla dayandığını gördüm. Fidan dedi ki, Elmirə qarşı yalandan sevgili rolu oynayıb ondan pul almaq istəyir. Məndən bu işə qarışmamağımı istədi. Amma mən razılaşmadım. Elmirə yaxınlaşıb maşına oturmasını dedim. Bunu görən Fidan yalandan hay-küy qopardı ki, guya mən onu maşına zorla mindirmişəm. Bu zaman əsəbiləşib maşının baqajındakı baltanı götürdüm, Fidanı qorxutmağa çalışdım. Lakin Elmir və dostu Həmid Fidanı qorumağa çalışdı. Həmid baltanı əlimdən aldı. Mən də əsəbiləşib maşından vintaçanı götürdüm. Həmidə və Elmirə zərbələr endirdim. Elmirin yerə yıxıldığını gördüm. Sonra maşına minib oradan uzaqlaşdım”.

Məhkəmədə dindirilən F.Bayramova S.Rüstəmovla 2 ildən çoxdur münasibətləri olmadığını deyib: “Səttarla 2 il əvvəl sevgili olmuşduq. Lakin o, sərt və aqressiv xarakterli biri olduğu üçün ondan ayrılmışdım. Sonra işlədiyim kafeyə gəlib mənimlə barışmaq istəsə də, buna razılıq vermədim. Hadisə baş verməmişdən 1 gün əvvəl Elmir mənə işdən çıxanda onunla parkda görüşüb söhbət etməyi təklif etdi. Mən də razılaşdım. Görüşə gedən zaman Səttar məni yolda gördü və maşına minməyimi tələb etdi. Hay-küy salacağından qorxub maşına mindim. Yolda Səttar Elmiri gördü. Sonra aralarında mübahisə yarandı. Səttar mənə və Elmirə hücum çəkdi. Elmiri yaraladı. Tanışım Arifə zəng vurdum o, bizi Mərkəzi Xəstəxanaya apardı”.

Bakı Ağır Cinayətlər Məhkəməsi  Səttar Rüstəmovu Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (Xuliqanlıq) maddələri ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Amin Nəzərli


Digər xəbərlər