Qubada qaçırdığı avtomobil ilə qəza törədən şəxsə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Quba rayon məhkəməsinin hökmünə əsasən zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla təqsirləndirilən 1991-ci il təvəllüdlü Bəhmən Muradov (soyadlar şərtidir) 2 il müddətində azadlıqdan məhrum edilib.
Məlumata görə, zərərçəkən şəxs Rəşid Əliyev həmin gün axşam saatlarında “Jeep Liberty” markalı avtomobilini yuyulması üçün B. Muradovun işlədiyi avtoyuma məntəqəsinə təqdim edib və səhər gələrək avtomobili təhvil alacağını bildirib. Bəhmən isə yumağa başlamazdan əvvəl avtomobillə gəzmək qərarına gəlib. O, maşınla məntəqədən uzaqlaşıb və Amsar kəndi istiqamətinə sürərək avtomobili “Qızılgül” restoranının yaxınlığındakı ağaca və dirəyə çırpıb. O, maşını hadisə yerində qoyaraq uzaqlaşıb.
Məhkəmədə zərərçəkən şəxs R.Əliyev bildirib ki, hadisədən tanışı vasitəsi ilə xəbər tutub. “Səhər saat 07:30 radələrində tanışım Mehrac zəng edib hal-əhval tutdu, salamat olub-olmadığımı soruşdu. Niyə səhər tezdən zəng etməsinin səbəbini soruşanda, mənə avtomobilimi Quba şəhəri Heydər Əliyev prospektində əzik vəziyyətdə görüb narahat olduğunu dedi. Mehraca avtomobilimin əzik olmasından məlumatımın olmadığını dedim və məni oraya aparmasını xahiş etdim. Ünvana çatanda avtomobilin yararsız vəziyyətə düşdüyünü gördüm”.
Ekspertiza avtomobilə ümumilikdə 8,861 manat məbləğində maddi ziyan dəyməsinə rəy verib.
Zərərçəkmiş şəxs Bəhmən tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bilidirib və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edib.
B. Muradov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə (Avtomobil qaçırma - xeyli miqdarda zərər vurmaqla) təqsirli bilinərək 2 il müddətinə həbs cəzasına məhkum edilib.
Nəzrin Cavadzadə