Hipomaniya xəstəliyinə tutulan qadını və ərini şantaj edənə hökm oxundu

26.10.2021 | 15:53 Oxunma sayı: 823
Hipomaniya xəstəliyinə tutulan qadını və ərini şantaj edənə hökm oxundu

İrandan BMT xətti ilə Azərbaycana gələrək burada sığınacaq alan qadınla münasibət qurub sonra onu və ərini şantaj edən şəxsə hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə bu ilin yanvar ayında Bakı şəhərində baş verib.

İttihama görə, İran vətəndaşı F.N (qadın) “Instagram” vasitəsi ilə tanış olduğu Sadiq Mirzəyevə çılpaq fotolarını göndərib. O isə fotoları silmək qarşılığında onu və ərini şantaj edərək pul tələb edib. Məhkəmədə dindirilən S.Mirzəyev ifadəsində F.N-nin özünü ona subay kimi təqdim etdiyini deyib:

“2019-cu ilin sonlarında sosial şəbəkədə özünü Şirin adı ilə təqdim etdi. Mənə evli olduğunu deməmişdi. 2020-ci il 13-də Bakıda restoranda görüşüb söhbət etdik. Sonra onun üzündən öpdüm, aramızda heç nə olmayıb. Fevralın 20-də yenidən görüşdük, bu dəfə onun üzündən öpəndə foto çəkdi. Dedim ki, şəkli mənə də atarsan. O da xahiş etdi ki, fotonu heç yerdə paylaşmayım və kiməsə göstərməyim. Bir dəfə onunla danışan zaman mənə yarıçılpaq fotosunu göndərdi. Hər gün mənə yarıçılpaq və çılpaq fotolar və videolar göndərirdi. Telefonumda onun fotoları olan “papka” açmışdım. 2020-ci ilin dekabrında Şirin mənə dedi ki, atası telefon işlətməyə icazə vermir. Ona görə bir neçə gün danışmamağı xahiş etdi. Mən də narahat olduğum üçün zəng etdim. Telefonu bir kişi açdı. Birinci elə bildim atasıdı, sonra öyrəndim ki, əri imiş. Mənə Şirini tanımadığını, bu telefonun arvadına aid olduğunu dedi. Mən də ona arvadının məndə qeyri-etik fotolarının olduğunu, əgər tələb etdiyim məbləği verməsə, arvadının fotolarını yaymaqla hədələdim. Tutduğum əməldən peşmanam”.

Məhkəmədə dindirilən F.N hipomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün fotoları özündən asılı olmadan S.Mirzəyevə göndərdiyini deyib: “2018-ci ildən BMT-nin nəzarəti ilə ərim və qızımla birgə Bakıda yaşayıram. 2019-cu ilin dekabrından 2020-ci ilin dekabrına kimi hipomaniya xəstəliyindən dolayı müalicə almışam. Elə həmin vaxtlarda Sadiqlə tanış oldum. Mənə sevdiyini deyirdi, çılpaq fotolarımı istəyirdi, mən də göndərirdim. Sonra necəsə olub yoldaşımın nömrəsini tapıb onu şantaj edib ki, pul verməsək fotolarımı sosial şəbəkələrdə yayacaq. Sadiqlə mənim aramda heç nə olmayıb. Sadəcə restoranda çay içmişik”.

Qeyd: Açıq mənbələrdə dərc olunan məlumçata görə, Hipomaniyadan əziyyət çəkən insanlarda ani şəkildə ruh yüksəkliyi yaranır. İnsan yüksək dərəcədə əhval ruhiyyədə, enerjili olur. Hər şeyin, hər işin öhdəsindən gələ biləcəyini düşünür.

Məhkəmədə dindirilən N.F (qadının əri - red.) Sadiqin ondan 5 min manat istədiyini deyib: “Əgər verməsəm, arvadımın fotoları və videolarını hamıya göndərəcəyini dedi. Telefonunda yoldaşımın fotoları olan “Girmə” adlı “papka” da yaratmışdı. Mən ona üzbəüz görüşüb söhbət etməyi təklif etdim, razılaşmadı. Dedi ki, pulu da onlayn göndərməliyəm. Mənə kart şəkli göndərib dedi ki, 5000 manat yükləyən kimi bütün görüntüləri siləcək. Mən ona əlimdə 1500 manat olduğunu deyəndə, “5000 manatdan aşağı yeri yoxdur”,-deyib telefonu üzümə söndürdü. Mən həyat yoldaşımın xəstəlikdən əziyyət çəkdiyini bilirəm, buna görə də onu bağışlamışam”.

Məhkəmənin hökmü ilə Sadiq Mirzəyev 3 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər