Həbsdə ölən Vidadi Muradovun cinayətləri sübuta yetirildi

28.01.2022 | 10:32 Oxunma sayı: 110
Həbsdə ölən Vidadi Muradovun cinayətləri sübuta yetirildi

Külli miqdarda yeyinti ittihamı ilə həbs edilən, ev dustaqlığına buraxıldıqdan bir neçə gün sonra vəfat edən "Azərxalça" ASC-nin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vidadi Muradovun törətdiyi əməllər sübuta yetirildiyi və onun artıq vəfat etdiyi üçün barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib.

Qeyd edək ki, 9 yanvar 2021-ci ildə həbs edilən Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi.

V.Muradov 2021-ci il noyabrın 5-də vəfat edib. Hazırda məhkəmədə hüquqi varis kimi onun həyat yoldaşı çıxış edir.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Amin Nəzərli


Digər xəbərlər