Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, keçirilən tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, həmin piyadalara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq bu kimi inzibati xətalara yol verən piyadaların diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə inzibati məsuliyyətə cəlb olunurlar.