Gecə bacısıgildə tutduğu kişini ağaca bağladı, qayçı ilə 39 dəfə... - Təfərrüat

20.05.2022 | 14:52 Oxunma sayı: 1211
Gecə bacısıgildə tutduğu kişini ağaca bağladı, qayçı ilə 39 dəfə...

Oğuzda bacısının evində qonşu kişini ağacla döyərək 39 qayçı zərbəsi vuran şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayında, gecə saatlarında baş verib. Belə ki, ailə üzvləri ilə birlikdə bacısı Sevda Əkbərovanın (ad və soyad şərtidir) evinə qonaq gedən 27 yaşlı Məmməd Quliyev (ad və soyad şərtidir) mənzildə qonşu kişi, Sahib İbrahimovu (ad və soyad şərtidir) görüb və bacısı ilə həmin şəxsin arasında münasibətin olduğunu zənn edərək onu qəsdən öldürməyə cəhd edib. Gənc oğlan gecə bacısının evinin yataq otağında gördüyü şəxsi əvvəlcə yumruq və ağacla döyüb, daha sonra isə baş və bədəninin müxtəlif nahiyyələrinə 39 dəfə qayçı zərbəsi endirib. Sahibin öldüyünü düşünən Məmməd səhərə yaxın hadisə yerindən uzaqlaşıb. Lakin Sahib İbrahimov xəstəxanaya çatdırılıb və müalicələrlə onun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Məmməd Quliyev bildirib ki, onun Sahibi öldürmək niyyəti olmayıb:

“Hadisə baş verən gün anamın ad günü idi. Bacım da bizə qonşu olan kənddə yaşayır. Əri hərbçidir və evdə olmadığı üçün bacım dedi ki, ad gününə gələ bilməyəcək. Biz də axşam ailəlikcə yığılıb, evdəki yeməklərdən də götürüb onlara getdik. Evə girəndə uşaqların yatdığını gördüm. Bacım isə başqa otaqdan gəldi və bizi ora girməyə qoymadı. Bundan şübhələndim və daha sonra ora girəndə kreslonun dalında bir nəfərin gizləndiyini gördüm. Sonradan öyrəndim ki, bu adam onların qonşusu imiş. Anamgili evə yola salandan sonra özüm qayıdıb sahibi döydüm. Bundan sonra dayımın oğlu da evə gəldi. Əvvəl ağac və yumruqla, daha sonra isə bellə vurmağa davam etdim. Hətta bıçaqla da zərbə endirmək istədim, lakin sındı. Bundan sonra onu kəmərlə ağaca bağlayıb qayçı ilə başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirdim. O, qışqırdığı üçün başqa bir nəfər səsə gəldi. Lakin mən o adama dedim ki, qarışmasın və getsin. Bundan sonra bacımı axtarsam da, tapa bilmədim. Küçəyə çıxıb taksiyə minib getdim. Həmin qayçını da yolda çaya atdım. Evə gəlib hadisəni anama danışıb, yatdım. Sonra da polislər gəlib məni apardı”.

Hadisə zamanı zərərçəkən Sahib İbrahimov məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirib ki, o, bağını sulamaqla məşğul olarkən qonşusunun həyətindən səs eşidib və ora gedib:

“Elə bildim ki, qonşum hərbiçi olduğuna görə çox zaman evdə olmur və indi gəlib. Onun adını səsləsəm də, həyətdə olan şəxslərin başqası olduğunu gördüm. Onlar məni yanlarına çağırdılar. Ora yaxınlaşanda sinəmdən tutaraq niyə burda olduğumu soruşdular. Mən onlara izah etsəm də, onlar məni döyməyə başladılar. Əllərimlə üzümü tuturdum ki, zərbə dəyməsin. Onlar mənim əllərimi bağlayıb öz əməllərinə davam etdilər. Bundan sonra huşum özümdən gedib. Hazırda Məmmədlə barışmışıq”.

Hadisəyə şahid qismində məhkəmədə ifadə verən Sevda Əkbərova bildirib ki, qonşusu Sahib onlara söz demək üçün gəlib:

“Axşam saatlarında Sahib gəldi ki, söz deyəcək. Mən də dedim ki, həyətdə desin. Qonşular görüb söz etməsinlər. Amma o, evə girərək yenə də sözünün olduğunu bildirdi. Bundan sonra qardaşımgili gəldilər. Mən də həyat yoldaşım evdə olmadığına görə, görüb səhv anlamasınlar deyə onu başqa otağa saldım. Bir qədər sonra qardaşım otağa girib onu görüb. Bundan sonra, anamgili getdilər. Qardaşım onları yola salıb evə qayıtdı və mən onun qarşısını kəsməyə cəhd etdim. Ona dedim ki, heç nə etməsin, uşaqlarım var, ailəmi dağıtmasın. O mənim üzümə yumruqla bir zərbə endirdi”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Məmməd Quliyev 29.120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.  

 

Lamiyə Məmmədova


Digər xəbərlər