Baş leytenant qanunsuz yolla qaynanasının 260 minlik torpağını satıb - Notarius saxta sənəd verib

18.01.2022 | 10:32 Oxunma sayı: 2716
Baş leytenant qanunsuz yolla qaynanasının 260 minlik torpağını satıb

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq əməkdaşı iş yerində aldığı borclara görə qaynanasına məxsus torpaq sahəsini saxta sənədləşmə yolu ilə satıb.

“Kriminalqafqaz”ın məhkəmə materiallarına istinadən məlumatına görə, Xidmətin Maliyyə şöbəsinin rəis köməkçisi baş leytenant Etibar Həsənov makler tanışı ilə əlbir olaraq qaynanasına məxsus Bilgəh bağlarındakı torpaq sahəsinə saxta yolla sənəd hazırlayıb.

Belə ki, onlar saxta etibarnamə və çıxarış alaraq 22 sot torpağı notarial qaydada başqa bir şəxsə 200 min manata satıblar.

Bakı Hərbi Məhkəməsində aparılan istintaq zamanı məlum olub ki, E.Həsənov FHN-də xidmətdə olarkən 2017-ci ildə ev alqı-satqısı ilə məşğul olan tanışından 60 min dollar, əlavə olaraq iş yoldaşından 20 min dollar borc alıb.

Məhkəmədə məlum olub ki, 2012-ci ildən FHN strukturunda çalışan Ehtibar Həsənov 2019-cu ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. Makler isə daha əvvəl dələduzluğa görə 6 il həbs həyatı yaşayıb.

Borcunu qaytara bilmədiyindən makler ondan hər hansı daşınmaz əmlakını girov qoyaraq pul götürməyi təklif edib. E.Həsənov öz adında əmlak olmadığına görə Bilgəh qəsəbəsində qaynanasına məxsus 22 sot torpaq sahəsini girov qoymaq istəyiblər.

Daha sonra maklerin təklifi ilə onlar torpağı ümumiyyətlə satmaq qərarına gəliblər. FHN əməkdaşı bu işi görəcəyi təqdirdə borclarını qaytardıqdan sonra özünə də əlavə pul qalacağını düşünərək təkliflə razılaşıb. Makler isə Penitensiar Xidmətin sabiq əməkdaşı olan tanışı vasitəsilə pul müqabilində mülk sahibinin iştirakı olmadan Etibar Həsənovun adına 9 saylı notariat ofisində rəsmiləşdirilmiş saxta etibarnamə və naməlum üsulla hazırlanmış saxta çıxarış əldə edib.

Ardınca onlar şübhə yaratmamaq üçün torpağı üçüncü bir şəxsin adına keçirib daha sonra satmaq qərarına gəliblər. Etibar Həsənov uzun müddət tanıdığı bir tanışını 300 dollar “şirinlik” müqabilində bu işi görməyə razı salıb.

Daha sonra onlar Bakıdakı 14 saylı notariusda qanunsuz hazırlanmış saxta etibarnamə və çıxarışla əmlakı həmin şəxsin adına keçiriblər. Ardınca da 51 saylı notariusda onu tapdıqları müştəriyə satıblar. Ümumi dəyəri 263 856 manat olan torpağın tez satılması üçün onlar torpağı dəyərindən aşağı – 200 min manata satışa çıxarıblar.

Məhkəmə iclasında hər iki şəxs özlərini təqsirli bilib törətdikləri əməldən peşman olduqlarını deyiblər. 9 saylı notariat ofisindən əldə edilən videogörüntülərdə isə ofisin müşahidə kameraları vasitəsilə qanunsuz etibarnamənin verildiyi aşkar edilib.

Məhkəmə elan edilmiş ittihamlardan 320.2-ci (Rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama) maddə ilə əlaqədar məsuliyyətə cəlbetmənin müddətinin keçdiyini nəzərə alaraq həmin maddə üzrə cinayət təqibinə xitam verib.

Hər iki şəxs Cinayət Məclləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub və onlara şərti cəza verilib. Onlara bir il müddətində elektron qolbaq gəzdirmək vəzifələri qoyulub. Həbsdə olan E.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

Torpaq sahəsi ilə bağlı mülki mübahisə isə Binəqədi rayon məhkəməsinə göndərilib. Bakı Hərbi Məhkəməsi iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alanadək əmlakın üzərinə qoyulmuş həbs saxlanılıb.

Amin Nəzərli


Digər xəbərlər