“Evli olduğunu demədi, sonra mənə də xəyanət etdi”

28.01.2022 | 10:10 Oxunma sayı: 2176
“Evli olduğunu demədi, sonra mənə də xəyanət etdi”

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını döyüb ona iki bıçaq zərbəsi vuran 1987-ci il təvəllüdlü Arif Məlikova (şərti) hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə ötən ilin iyul ayında baş verib. Arif Məlikov qeyri-rəsmi münasibətdə olduğu Sevda Yusifovanı (şərti) qısqandığı üçün dəfələrlə döyüb və bıçaqlayaq xəsarət yetirib.

Məhkəmədə ifadə verən Arif Məlikov bildirib ki, qadın evli olduğu halda ona boşandığını deyib, daha sonra isə ona xəyanət edib:

“Biz Sevda ilə iki il öncə tanış olmuşuq. O səhvən mənim nömrəmə zəng etmişdi və beləliklə aramızda tanışlıq yarandı. Təxminən 10 gün danışdıqdan sonra onunla görüşdük. Sevda mənə boşandığını demişdi. Biz bir neçə dəfə görüşəndən sonra o mənə evli olduğunu və ərinin Rusiyada yaşadığını dedi. Amma bundan sonra da biz görüşməyə davam edirdik. Pandemiya müddətində 3 saatlıq icazə ilə bəzən mənim kirayədə qaldığım evdə, bəzən də onun evində görüşürdük. Bir dəfə mənimlə görüşdüyü vaxt onun telefonuna zəng gəldi. Sevda telefona cavab verərkən özünü qəribə apardı və zəng edənin səhv düşdüyünü dedi. Amma buna inanmadım və onun mənə xəyanət etdiyindən şübhələndim. Bundan sonra həmin nömrəyə zəng edib kim olduğunu soruşanda həmin şəxs Sevdanı çoxdan tanıdığını dedi. Bundan sonra aramızda mübahisələr yarandı.  Bir dəfə onun işlədiyi “Kainat” restoranına gedib onunla barışmaq istədiyimi dedim. O isə məni rədd edərək artıq danışmayacağını dedi. Bundan sonra əsəbləşib onu bıçaqla vurdum. Bunu onu qorxutmaq üçün etmişdim. Səhəri gün də şöbəyə gedib cinayəti etiraf etdim”.

Zərəçəkmiş Sevda Yusifova məhkəmədə verdiyi ifadədə bildirib ki, Arif ilə bir il öncə tanış olublar və Arif evli olduğunu ona deməyib:

“Biz onunla tanış olandan sonra cəmi bir dəfə görüşmüşəm. Bundan sonra Arif mütəmadi olaraq mənə zəng edirdi və qısqanclıq göstərirdi. Həmin müddətdə mən “Kainat”da mətbəxdə işləyirdim. Hadisə baş verəndən sonra isə oradan çıxmalı oldum. Arif mənim iş yerimə gəlirdi. Hətta bir dəfə gecə həyətdə səs eşidib çölə çıxanda onun hasarı aşaraq həyətimizə düşdüyünü gördüm. Qızım və gəlinimə yalandan onun iş yoldaşımın bacısı oğlu olduğunu və onunla yaxın münasibətimin olduğunu dedim ki, Arif çıxıb getsin. Amma o əlimdən telefonumu alıb üzümə və ayağıma vuraraq qaçdı. Səhəri gün telefonumu ondan götürmək üçün məni çağırdı. Mən gedib telefonu ondan götürəndə o yenə məni döydü. Bundan sonra mən polisə şikayət etdim.  Mən xəstəxanadan çıxandan sonra nömrəmi də dəyişmişdim ki, Arif məni tapa bilməsin. İyulun 17-də o iş yerimə gələrək saçımdan tutub sürüdü. Mən qışqırıb köməyə adam çağırdım. O mənə iki bıçaq zərbəsi vurdu. Həmin vaxt yanımda olan qızım mənə kömək etdi. Qızımı görüb daha vurmağa davam etmədi, oradan qaçdı ”.

Zərərçəkmişin qızı da məhkəmədəki ifadəsində anasının sözlərini təsdiqləyib. O əlavə olaraq bildirib ki, ilk dəfə Arif onlara gələndə ona və gəlinlərinə deyib ki, anası Sevda ilə sevgilidir:

“Anam bizi yuxudan oyadaraq dedi ki, iş yoldaşının bacısı oğlu gəlib bir qədər oturub gedəcək. Sonra Arif evə girərək anamın sevgilisi olduğunu dedi. Bundan sonra onlar arasında mübahisə yarandı. O anamdan telefonunu verməsini və ona baxmalı olduğunu dedi. Anam verməyəndə isə onun üzünə yumruqla vurdu. Hadisə günü də mən anamın yanında idim. O anama bıçaqla zərbələr endirdi. Mən onun köynəyindən çəkib anamdan araladım. Bundan sonra hadisə yerindən qaçdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Məlikov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lamiyə Məmmədova


Digər xəbərlər