“Elvini çox sevirdim, onu öldürmək fikrim olmayıb” - Ərini öldürən qadın

20.01.2022 | 14:25 Oxunma sayı: 2594
“Elvini çox sevirdim, onu öldürmək fikrim olmayıb”

6 il davam edən sevgi münasibətindən sonra evlənən cütlük bir evdə yaşamağa başlayandan sonra aralarında problemlər yaranmağa başlayır. Təcrübədə belə hallar az olmasa da, Elvin Əskərzadə və Sevda Babayevanın taleyi nadir həyat hekayələrindəndir. Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ərini öldürməkdə ittiham olunan S.Babayeva azadlığa buraxıldı.

“Kriminalqafqaz”ın məlumatına görə, cinayət əməlini törədən qadın məhkəmədə peşman olduğunu, ərini bilmədən öldürdüyünü deyib və onu qəsdən öldürməsinə dair ittihamı qəbul etməyib.

S.Babayevanın sözlərinə görə, ailə qurandan sonra Elvin Əskərzadə mütəmadi olaraq onu döyməyə başlayıb:

“Lökbatanda yaşayarkən Elvinin bacısı ilə rəfiqə olmuşuq, 2019-cu ildə evləndik. Toydan sonra Bakıya köçdük. Atamgilə yaxın kirayə ev tutduq. Həmin vaxtdan Elvinlə münasibətimiz pisləşməyə başladı. Elvin məni döyürdü. Mən də bu barədə heç kimə heç nə demirdim. Elvin kirayə pulunu verə bilmədiyi üçün evdən qovulduq. Biz başqa evə köçməyə məcbur olduq”.

Bu hadisələr baş verən vaxt Sevda Babayeva hamilə olub. Onun sözlərinə görə, həyat yoldaşı evə gec saatlarda gəlir, ailəyə baxmırmış. Buna görə də Elvinlə aralarında tez-tez mübahisələr olub. Elvin həyat yoldaşını təhqir edib döysə də, Sevda ailənin dağılmaması üçün vəziyyəti ailəsinə bildirməyib:

“2020-ci ildə qızımız doğuldu. 4 gün xəstəxanada qaldıqdan sonra atamgilin həyətində tikilmiş ayrıca evə köçdük. Təzə evə köçdükdən sonra Elvin bizə qarşı daha da aqressiv olmağa başladı. Mən dəfələrlə onun hamam otağında başqa qadınlarla danışdığının şahidi olurdum. Ona iradımı bildirdikdə o, ailəmi və məni söyürdü. Aprelin 21-də səhər Elvin yuxudan durub işə getdi. Mən də qızım Nuray xəstə olduğu üçün anamgilə getdim. Axşam Elvin evə qayıdanda mən atamgildə idim. Elvin qayıtdıqdan 5-10 dəqiqə sonra uşağı anama verib Elvinlə öz evimizə keçdik. Elvinin evə əliboş gəldiyini görüb uşağın xəstə olduğunu və evə ərzaq almasını desəm də, heç bir reaksiya vermədi”.

Cinayət hadisəsi də məhz ənənəvi mübahisələrdən biri zamanı baş verib. Sevda Babayeva həyat yoldaşına  başqa qadınlarla danışmasını, ailəsinə baxmamasını, evə ərzaq almamasını və s. şeyləri irad bildirib. Bu iraddan sonra Elvin arvadını və onun valideyinlərini söyərək onu döyməyə başlayıb. Sevda ərinin əlindən çıxıb mətbəxə qaçıb. Elvin mətbəxə gəlib Sevdanın boğazından tutub və onu boğmağa başlayıb:

“Əlimlə mane olmaq istəsəmdə, gücüm çatmadı. Boğulmaqdan gözlərim qaralmışdı. “Moyka” arxamda olduğu üçün əlimi uzadıb qazanı götürüb Elvinə vurmaq istədim. Əlimə bıçaq keçdi və Elvini sol tərəfindən vurdum. Ona xəsarət yetirib-yetirmədiyimi bilmədim. O da heç nə demədən məni buraxıb otaqdan çıxdı. Boğulmaqdan ayaqlarım boşaldığı üçün 15 dəqiqə yerdə oturdum. Qalxıb əl-üzümü yuyub Elvinin arxasınca getdim. Əvvəlcə elə bildim atamın mağazasına gedib. Atamgilə gedəndə Elvinin dəhlizdə yerdə uzandığını və hərəkətsiz qaldığını gördüm. Qaldırıb baxanda gördüm ki, köynəyi qan içindədir. Atama baş verənləri danışdım, o, məni sillə ilə vurdu. Həmin vaxt Elvin ölməmişdi, hətta atam ona su da verdi. Elvini qonaq otağına aparıb Təcili Tibbi Yardıma zəng etdik. 20-25 dəqiqə sonra həkimlər gəldi və onlar Elvinin öldüyünü dedilər”.

Sevda Babayeva Elvini çox sevdiyini, onu öldürmək niyyətində olmadığını deyib. Ərinin onu öldürəcəyindən qorxaraq özünü müdafiə məqsədilə təsadüfən əlinə keçən bıçaqla vurduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Sevda Babayevanən əməlini qəsdən adam öldürmə yox, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətlənidirib. Qadın 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. S.Babayeva istintaq və məhkəmə dövründə həmin cəzanın 8 aylıq hissəsini həbsdə olub. Qalan müddət isə Zəfər günü ilə bağlı Amnistiya aktının təsir dairəsinə düşüb. Sevda Babayeva məhkəmə zalından azadlığa buraxılıb.

Nəcməddin Quluzadə


Digər xəbərlər