Döyüb işgəncə verdiyi arvadı özünü öldürdü - İş yerində tualetə getməsinə də icazə verməyib

31.10.2021 | 13:24 Oxunma sayı: 2671
Döyüb işgəncə verdiyi arvadı özünü öldürdü

Bakıda iki uşaq atası həyat yoldaşını intihar həddinə çatdıraraq onun ölümünə səbəb olub.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, 2012-ci ildən evli olan Firuzə Vahidova (ad soyad şərtidir) və Orxan Salmanov (soyad şərtidir) mütəmadi olaraq problemlər yaşayıblar. Ərinin davamlı fiziki və psixoloji təzyiqlərinə dözməyən F.Vahidova 2018-ci ildə özünü öldürmək qərarına gəlib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, O.Salmanov dəfələrlə sərxoş vəziyyətdə arvadını təhqir edib, ləyaqətini alçaldıb, döyüb və zorakı hərəkətlərlə ona fiziki və psixi iztirablar verib. Hadisədən bir neçə gün qabaq Emin həyat yoldaşını amansızcasına döyüb. Ərinin rəftarından çarəsiz qalan F.Vahidova qurtuluşu özünü öldürməkdə görüb və yaşadığı evdə “lidokain” içməklə intihar edib.

Birinci instansiya məhkəməsində zərərçəkmişin anası ifadəsində göstərib ki, qızının Orxanla nikahından 2 övladı olub: “Toyundan bir ay sonra axşam qızım zəng edib Orxanın onu döydüyünü dedi. Onunla birlikdə yaşamaq istəmədiyini bildirdi. Yoldaşımla qızımgilə getdik, amma ora çatanda bizə artıq barışdıqlarını dedi. Amma ondan sonra da Orxan sərxoş vəziyyətdə həm evdə, həm də iş yerində qısqanclıq zəminində qızımı dəfələrlə döyüb. Belə münaqişələr tez-tez təkrarlandığından Firuzə gəlib bizim yanımızda bir-iki gün qalırdı, amma əri onu övladlarını öldürməklə hədələdiyindən ayrılmağa qorxurdu. 2018-ci ilin martında qızımı götürüb evə gətirdim, sonra Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək kürəkənimin hərəkətləri barədə məlumat verdim. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparıldı, lakin sonradan qızım Orxanla barışdığına görə onu heç bir məsuliyyətə cəlb etmədilər”.

İş yoldaşları da Firuzənin əri tərəfindən dəfələrlə döyüldüyünü, sifətində və bədənində xəsarətlər almış vəziyyətdə işə gəldiyini, ərə getdikdən sonra özünə qapanmasını ifadələri ilə də təsdiq ediblər.

Məhkəmənin qənaətinə görə, Orxanın daim spirtli içki qəbul edib ailədə mübahisələr yaratması, səbəbsiz yerə arvadını qısqanması, telefon işlətməsinə, iş yerində tualetə belə getməsinə icazə verməməsi, maaşını özü alıb xərcləməsi, dəfələrlə ona qarşı fiziki zor tətbiq etməsi, ondan boşanacağı təqdirdə ailə üzvləri ölümlə hədələməsi, daima qorxu içində yaşatması kimi amillər Firuzənin intihara meyllənməsinə şərait yaradıb.

Sabunçu Rayon Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə O.Salmanov Cinayət Məcəlləsinin 125 ( Özünü öldürmə həddinə çatdırma) və 133.1-ci (Əzab vermə) maddələri ilə  təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxsin vəkili kassasiya şikayəti verərək bildirilib ki, F.Vahidova səhhətində olan problemlərlə əlaqədar əvvəllər keçirdiyi tibbi əməliyyatlar zamanı 4 dəfə narkoz qəbul edib. Buna görə də əsəbi olub və özünə qəsd edib. Ali Məhkəmə kassasiya şikayətini əsassız hesab edərək, O.Salmanov barəsindəki 5 il 6 aylıq azadlıqdan məhrum etmə qərarını dəyişdirmədən saxlayıb.

Amin Nəzərli


Digər xəbərlər