Daşkəsəndə polis məktəblilərlə görüşdü - Fotolar

06.12.2022 | 22:06 Oxunma sayı: 158
Daşkəsəndə polis məktəblilərlə görüşdü

Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə təm orta məktəbində rayon  “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında şagirdlərlə görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Vüsal Əliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.

Polis mayoru erkən nigahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Daha sonra o, dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların yalanlarına, xürafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Digər xəbərlər