Daha 59 narkotacir tutuldu

03.08.2022 | 12:51 Oxunma sayı: 688
Daha 59 narkotacir tutuldu

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 1 ay ərzində onlayn yolla narkotik maddələrin satışını həyata keçirən, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 8 mütəşəkkil dəstə və onun 59 nəfər üzvü saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 331 kiloqram narkotik vasitə və psixotrop maddə, 2261 ədəd psixotrop tərkibli həb, 2921 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu, 2 ədəd tapança və soyuq silah qismində istifadə edilən digər əşyalar aşkar edilib.

Məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Fərid Cəfərov, İmamqulu Bədirov, Seyidrza Ağamı, İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 204 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 156 kiloqram heroin, 32 kiloqram marixuana, 16 metamfetamin, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən 6 nəfərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı yeni-yeni insanları narkokuryerliyə cəlb etmək olub.

Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq daha 53 nəfər saxlanılıb. Onlardan 127 kiloqram müxtəlif növ narkotik vasitə, elektron tərəzilər, psixotrop tərkibli həblər, narkotiklərin onlayn satışında istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.





Digər xəbərlər