Qardaşına görə arvadını döydü, amnistiyaya düşdü

04.01.2022 | 13:49 Oxunma sayı: 3606
Qardaşına görə arvadını döydü, amnistiyaya düşdü

Xaçmaz rayonunda keçmiş həyat yoldaşını qardaşına qısqanaraq döyən şəxsə bəraət verilib.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, kənd sakini Şakir Ələkbərov (şərti) Qənirə Quliyeva (soyad şərtidir) ilə 2014-cü ildə ailə qurub. Bu evlilikdən onların bir övladı olub. Şakir ata evində yaşadığından qardaşı Asiman da onlarla bir evdə yaşayıb. Ş.Ələkbərov 2015-ci ildə başqa bir cinayətə görə Xaçmaz rayon məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra arvadı ilə qardaşının münasibətləri olmasından şübhələnib və Qənirəni döyüb.

Məhkəmədəki ifadəsində Ş.Ələkbərov bildirib ki, həbsdən çıxdıqdan sonra arvadının ona qarşı soyuq münasibətindən şübhələnib: “Şübhələrim doğru çıxdı. Evdə xalçanın altından tapdığım telefonun yaddaş kartının içinə baxanda Qənirə ilə qardaşımın dəniz kənarında çəkilən yarıçılpaq fotoları ilə qarşılaşdım. Bundan sonra aramızda mübahisələr yarandı və mən boşanmaq qərarına gəldim. 2019-cu ildə rəsmi boşandıq. Amma bir müddət sonra Qənirə barışmaq məqsədi ilə mənə zəng edib evə qayıtmaq istədiyini bildirdi. Asimanla danışmayacağına söz verdiyi üçün onu yenidən evə gətirdim. Amma yenə onları danışan yerdə tutdum. Oktyabrın 8-də səhər saat 5-də işə getmək adı ilə yuxudan durdum. Amma heç yerə getmədim. Eyvandakı çarpayının altına girib gizləndim. Təxminən saat 10-un yarısında Qənirə yuxudan durub Asimanın otağına gedərək onun yuxudan oyanıb-oyanmadığını soruşdu. Bundan sonra qızımızı üzünü yumaq üçün həyətə göndərib özü Asimanla yaxınlaşdı. Aralarındakı yaxınlığı görüb mən də çarpayının altından çıxdım. Qənirə məni görən kimi evdən qovmamağım üçün yalvarmağa başladı. Asiman isə çölə qaçdı. Mən onun üzünə iki sillə vurdum və evdən qovacağımı, bir daha bağışlamayacağımı bildirdim”.

Qənirə Quliyeva ifadəsində bildirib ki, Şakir onu vurduğu üçün polisə şikayət edib: “Onunla boşandıqdan sonra yenidən barışdıq və bir müddət kirayədə yaşadıq. Daha sonra yenidən onun ata evinə qayıtdıq. Həmin evdə onun qardaşı da qalırdı. Mənə Asimanla danışmağı qadağa qoymuşdu. Evdə bir neçə dəfə söhbət etdiyimizi də görəndə Asimanı təhdid edərək onu məhv edəcəyini demişdi. Hadisə baş verən gün bizi güdmək üçün çarpayının altında gizlənib. Daha sonra oradan çıxıb bizi söydü və mənim üzümə zərbələr endirdi. Mən ondan şikayətçiyəm və barışmamışam”. 

Təqsirləndirilən Şakir Ələkbərov məhkəmə iclasındakı ifadəsində törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirib və  barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.

Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verib ki, Şakir Ələkbərovun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur və onun ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Hadisə nəticəsində maddi ziyan vurulmayıb. Xaçmaz rayon məhkəməsinin qərarı ilə Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı çərçivəsində Şakir Ələkbərov barəsindəki cinayət təqibinə xitam verilib.

Lamiyə Məmmədova


Digər xəbərlər