“Beerlin Pub”da müştərini öldürən mühafizəçi hakim qarşısına çıxarıldı

13.01.2022 | 16:54 Oxunma sayı: 511
“Beerlin Pub”da müştərini öldürən mühafizəçi hakim qarşısına çıxarıldı

Bakıda məşhur "Beerlin Pub"da müştərini döyərək öldürən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Kriminalqafqaz" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasa zərərçəkən tərəf gəlməyib. Proses iştirakçıları zərərçəkənin iştirakı olmadan işin baxışa təyin edilməsinə etiraz etməyib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş məhkəmə baxışına təyin olunub. Orxan Şahbazovun vəkili Ceyhun Yusifov hazırlıq mərhələsində hər hansı vəsatəti olmadığını, ilkin baxış iclasında məhkəməyə vəsatətlər verəcəyini bildirib.

Növbəti proses yanvarın 19-na təyin olunub.

Qeyd edək ki, Orxan Şahbazov "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir.

O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. O, sosial şəbəkələrdə kifayət qədər tanınır. Bundan başqa Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 

Amin Nəzərli


Digər xəbərlər