Baş örtüyü taxıb evə basqın edən qıza və dostlarına hökm oxundu

23.11.2021 | 16:13 Oxunma sayı: 1008
Baş örtüyü taxıb evə basqın edən qıza və dostlarına hökm oxundu

Bakıda quldurluq etməkdə təqsirli bilinən Firudin İsmayılov, Dilbər Hacıyeva, Kənan Müzəffərli və Kamran Abdulovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Kriminalqafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Nizami rayonunda yaşayan qadın mənzildə tək olan zaman bir nəfər gənc qız mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər qadını hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. O, evdə pul olmadığını deyəndən sonra isə həmin şəxslər dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90 PZ 465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Amin Nəzərli


Digər xəbərlər