Arvadını baş həkimə qısqandı, işləməsinə razı olmayıb döydü

13.01.2022 | 11:26 Oxunma sayı: 3870
Arvadını baş həkimə qısqandı, işləməsinə razı olmayıb döydü

Həyat yoldaşını baş həkimə qısqanaraq onunla işləməsinə razı olmayan 48 yaşlı kişi qadını döyərək xəsarətlər yetirib.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə ötən ilin noyabrında Abşeron rayonunda baş verib.

Arif Babayev (şərti) qeydiyyatçı işləyən arvadı Səlimə Quliyevanın (şərti) Sumqayıt şəhər Səhiyyə şöbəsinin sabiq müdiri Nəriman Baxşəliyevin yanında işləməsinə icazə verməyib. Qısqanclıq zəminində yaranan mübahisə dava ilə nəticələnib. Həmin vaxt N.Baxşəliyev 22 saylı poliklinikanın baş həkimi olub.

A.Babayev məhkəmədə deyib ki, arvadı Səlimə ilə 6 il əvvəl evlənib: “O, əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyirdi. Onun ixtisara düşəcəyini deyilmişdi. Buna görə başqa iş axtarırdı. Hadisə günü evdə olarkən Səlimə bacısına poliklinikaların birində işləyən həmyerliləri Nəriman həkimin yanında işə düzələcəyini dedi. Mən də buna icazə vermədiyimi bildirdim.

Səlimə səbəbini soruşduqda həm yolun uzaqlığı baxımından, həm də onu Nərimana qısqanmağım səbəbindən buna icazə verməyəcəyimi izah etdim. Həmin vaxt Səlimə ailəmizi dağıtmalı belə olsa, Nərimanın yanında işləyəcəyini dedi. Səlimə birinci ailəmdən olan nəvəmi söydükdə əsəbiləşərək onun qolundan tutub sakitləşdirmək üçün bayıra çıxarmaq istədim. Bu zaman o yıxıldı və çiyni qapının tininə dəydi. Bundan sonra Dilşadla birlikdə Səlimə sakitləşdirdik və mən işə getdim. Mən onu döyməmişəm”.

Məhkəmədə ifadə verən Səlimə Quliyeva ərindən şikayətçi olduğunu bildirib: “Mən əvvəllər Abşeron xəstəxanasının baş həkimi işləmiş həmyerlim Nəriman həkimə zəng edərək iş axtardığımı dedim. Nəriman həkim 22 saylı xəstəxanada işlədiyini, lakin orada vakansiya olmadığını və münasib iş imkanı olan kimi mənə xəbər verəcəyini dedi. Dilşadla söhbət edən zaman Arif Nəriman həkimin yanında işə düzəlmə ehtimalım olduğunu eşitdi. O, buna icazə verməyəcəyini dedi. Səbəbini soruşanda Arif dedi ki, qardaşı və atasıgil mənim Nərimanla yaxın münasibətdə olduğumu, əxlaqsız olduğumu deyiblər. Yaranan mübahisə zamanı Arif məni saçımdan dartaraq yerə yıxdı, yumruq-təpik zərbələri ilə vurdu. Dilşad çətinliklə məni Arifin əlindən aldı”.

Ekspertiza da qadının döyülərək xəsarət aldığını təsdiqləyib və cinayət əməli tam sübuta yetirilib. İş materiallarına baxış zamanı məlum olub ki, Arif Babayev daha əvvəl 2 dəfə məhkəmənin hökmünü icra etməmə və qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məhkum olunub.

Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinən A.Babayev 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin müddətdə onun üzərinə elektron qolbaq gəzdirmək və yaşayış yerini tərk etməmək vəzifəsi qoyulub.

Amin Nəzərli


Digər xəbərlər