“Araz”ın işçisini döyüb xəsarətlər yetirdi - “Yanımdakı qıza baxırdı”

21.06.2022 | 14:34 Oxunma sayı: 1390
“Araz”ın işçisini döyüb xəsarətlər yetirdi

Qız tanışına baxdığını səbəb gətirərək “Araz” supermarketin işçisini döyən şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrında Səbail rayonu Badamdar şossesi 32 ünvanında yerləşən “Araz” supermarketin qarşısında baş verib. Belə ki, qız tanışı ilə birlikdə taksi ilə “Araz” marketin qarşına gələrək marketdən alış-veriş etməyə düşən Rüfət Məmmədov (ad və soyad şərtidir) marketin şüşəsindən baxarkən çöldə duran iki gənc oğlanın taksidə oturan qıza baxdığını görərək çölə çıxıb və onların sifət nahiyəsindən yumruqla zərbə endirib. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Rüfət Məmmədov əməlindən peşman olduğunu bildirib:

“Mən marketə düşəndə tanışım olan qız taksidə qaldı. Marketdən baxanda çöldə duran iki nəfərin qıza baxdığını gördüm. Çox əsəbləşdim və çölə çıxaraq onların hər birinin üzünə yumruqla vurdum. Daha sonra maşını göstərərək niyə qıza baxdıqlarını soruşdum. Bundan sonra isə oradan uzaqlaşdım”. 

Hadisə zamanı xəsarət alan Murad Əliyev (ad və soyad şərtidir) məhkəmədə verdiyi ifadədə deyib ki, həmin vaxt o yanındakı şəxsə yolu izah edib:

“ “Araz” supermarketin içərisində “Parfüm” mağazasında satıcı işləyirəm. Həmin gün mağazaya təxminən 17-18 yaşlı bir oğlan gəlib iş axtardığını dedi. Mən təxminən onunla 10-15 dəqiqə söhbət etdim və Badamdar qəsəbəsinin mərkəzində başqa parfüm dükanına işçi lazım olduğunu dedim. Bundan sonra yolu izah etmək üçün onunla birlikdə bayıra çıxdım. Bayırda 1-2 dəqiqə dayandıqdan sonra bir nəfər tanımadığım oğlan bizə yaxınlaşıb vurdu. Heç bir səbəb olmadan əvvəlcə yanımdakı oğlanın, daha sonra mənim üzümə yumruqla zərbə endirdi. Mən zərbədən huşumu itirmişəm. Ondan şikayətçiyəm”.

Hadisə zamanı xəsarət alan digər şəxs də Murad Əliyevin dediklərini təsdiqləyib. O bildirib ki, hadisə zamanı ona yüngül xəsarət dəyib. Təqsirləndirilən şəxs onlara vurduqdan sonra söyüş də söyüb. 

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Rüfət Məmmədov CM-nin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daimi yaşadığı ərazini tərk etməməmək öhdəliyi qoyulub.

Lamiyə Məmmədova


Digər xəbərlər