“Alpinist”in film kimi cinayətlərinin ssenariləri - “Oğurluqdan sonra evdən çıxa bilməyiblər”

08.12.2021 | 20:29 Oxunma sayı: 3363
“Alpinist”in film kimi cinayətlərinin ssenariləri

Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Kriminalqafqaz” xəbər verir ki, iclasda zərərçəmiş şəxslərdən biri, respublikanın keçmiş baş infeksionisti Cəlal İsayev ifadə verib. O deyib ki, hadisə günü ailəsi ilə birlikdə rayonda olub: “Mənə dəymiş zərər ödənilməyib. Oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşmüşəm”.

Məhkəmədə dindirilən digər zərərçəkmiş isə daxili işlər orqanlarında işləmiş keçmiş əməliyyatçı, xeyli vaxtdır zərgərliklə məşğul olan Vasif Əliyev olub. 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyən Vasif Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilində alpinizm üsuluyla daxil olublar: “Onlar binanın damından iplə mənim mənzilimin eyvanına düşüblər. Qapıda “ingilis qıfılı” olduğu üçün oğurluqdan sonra evdən çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı qalxa bilmədikləri üçün bir mərtəbə aşağı - qonşunun eyvanına düşüblər. Həmin ev keçmiş polisin evi idi, ərəblərə kirayə vermişdi. Cavid eyvandan mənzilə daxil olub. Çıxanda da qapını ərəblərin üzünə bağlayıb. Mənzilimdən qızıl-zinət əşyaları, 9 brend qol saatı oğurlanıb. 10 uşaq dünyaya gətirdiyi üçün anama verilmiş “Qəhrəman ana” medalını da götürüblər".

Xatırladaq ki, zərərçəkmiş kimi adı keçənlər sırasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Elə sonuncu oğurluq hadisəsi də Vüsal Mirzəyevin evindən olub.

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5 min manat ziyan dəyib.

İttihama əsasən, Cavid Süleymanov 2016-cı ildə xarici ölkələrdən birində alpinizm kurslarında iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub. C.Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq plan qurub. Saxlanılan zaman onun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib, yeni əşyalar düzəldərək satıb.

Amin Nəzərli


Digər xəbərlər