Ağdaşda toydan çıxıb 5 nəfəri güllələyən şəxs - “Qardaşımı öldürmək istəmirdim”

18.05.2022 | 14:39 Oxunma sayı: 2055
Ağdaşda toydan çıxıb 5 nəfəri güllələyən şəxs

Ağdaşda toydan çıxıb 5 nəfəri güllələyən 63 yaşlı kişiyə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyununda, rayonun Abad kəndində baş verib. Belə ki, kənddə baş tutan toyda içib evinə gedən 63 yaşlı Mustafa Aləşrəfov yolda olarkən maşını kənd sakinlərinin üstünə sürüb. Həmin şəxslər arasında onun qohumu da olub və həmin şəxslə mübahisə düşüb. Bundan sonra M.Aləşrəfov evə gedərək ov tüfəngini götürb və qohumu Dönməz İsmayılovu (soyad şərtidir) öldürmək üçün hadisə yerinə qayıtmaq istəyib. Bu zaman qardaşı ona mane olmağa çalışıb. Lakin o silahdan açdığı atəşlə qardaşı 54 yaşlı Qələndar Aləşrəfovu güllələyərək öldürüb. Bununla sakitləşməyən Mustafa Aləşrəfov öz əməllərinə davam edərək Dönməz İsmayılovun evinə gedərək onun arvadına atəş açıb. Daha sonra yolda olarkən gördüyü avtomobilə də güllə atıb. Bu zaman maşında olan kənd sakini xəsarət alıb.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Mustafa Aləşrəfov bildirib ki, hadisələr ondan asılı olmadan baş verib. Buna səbəb isə onun sərxoş olması olub:

“Toyda dostlarla oturub yeyib-içdik. Toydan çıxanda gecə saatları idi. Kəndin içində adamlar dayanmışdı. Mən onların kim olduğunu bilmədim. Maşını üstlərinə sürdüyüm üçün kənara çəkib saxladım və özüm də maşından düşdüm. Gördüm ki, orada duranlardan biri elə öz qohumum Dönməzdir. O mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək ona gözləməsini deyib evə getdim. Çox sərxoş olduğum üçün nə etdiyimi bilmirdim. Evdən silah götürüb çıxdım. Yolda qardaşım mənə mane olmaq istədi. Silahı əlimdən almaq istəyəndə atəş açıldı və o yerə yıxıldı. Qələndarın hansı nahiyyəsindən güllə dəydiyini bilmədim. Onu öldürmək istəmirdim. Oradan uzaqlaşıb Dönməzin evinə getdim. Nə qədər çağırsam da, çölə çıxmadı. Onun arvadı çıxdı. Mən də havaya atəş açdım. Oradan qayıdanda qabağıma maşın çıxdı. İçində kimin olduğunu bilmədim. Çox əsəbi olduğum üçün bu maşına da atəş açdım”.

Dönməz İsmayılovun həyat yoldaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, təqsirləndirilən şəxs onun dayısıdır:

“Gecə saatları idi. Dayımın səsini eşitdim. Dönməzi çağırırdı və mən də dedim ki, o, evdə yoxdu. Amma dayım mənə inanmayıb evə gəldi. Dedi ki, onu gizlədirsən. Bu zaman onun əlində silah olduğunu gördüm. Ona Dönməzin evdə olmadığını və istəsə qonşularda axtara biləcəyimizi dedim. Bu zaman mənlə razılaşdı və qolumdan tutaraq həyətə düşürdü. Qonşulardan Dönməzi soruşandan sonra o, havaya atəş açdı. Dayımın içkili olduğundan və əlindəki silahdan qorxub qaçdım. Bu zaman o, mənə tərəf də atəş açmağa başladı. Hazırda onla barışmışıq. Ona yüngül cəzanın verilməsini xahiş edirəm”.

Məhkəmə zamanı ifadə verən kənd sakini bildirib ki, Mustafanın yolda atəş açdığı maşında onun qardaşı da olub və yaralanıb:

“Xəbəri alan kimi kəndin içinə getdim və yerdə meyitin, ətrafda da xeyli adamın olduğunu gördüm. əvvəl elə bildim yerdə olan mənim qardaşımdı. Sonra öyrəndim ki, sən demə öz qardaşı Qələndardı. Mən maşına oturub biraz getmişdim ki, yolda Mustafanı gördüm. Əlindəki silahı mənim maşınıma tərəf tuşlayıb atəş açmağa başladı. Mən də maşını onun üstünə sürdüm. Özümü qorumaq üçün onu vurdum. Ondan şikayətçi deyiləm. Hazırda barışmışıq”.

Məhkəmə istintaqı zamanı mərhum Qələndar Aləşrəfovun hüquqi varisi bildirib ki, Mustafa Aləşrəfov xəstədir, onunla barışıb: "Onu bağışlayıram və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edirəm".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Mustafa Aləşrəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Lamiyə Məmmədova

 

 


Digər xəbərlər