6 aylıq körpəni boğub öldürən kişi ifadə verdi - “Elə bilirdim uşağın atası mən deyiləm”

12.11.2021 | 10:35 Oxunma sayı: 1321
6 aylıq körpəni boğub öldürən kişi ifadə verdi

Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyev ifadəsi zamanı həyat yoldaşının fahişə kimi başqa kişilərlə görüşdüyü üçün uşağın atasının özü yox, başqası olduğunu zənn edərək onu qətlə yetirdiyini deyib.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 2020-ci ildə Vüsal Əliyevlə 7 ildir qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nurlananın (şərti ad) bir oğlu dünyaya gəlib. Amma Vüsal Əliyev uşağın atasının özü olmadığı qənaətinə gələrək Nurlana ilə mütəmadi mübahisələr edib. Hadisə baş verən gün, yəni 29 may 2021-ci ildə də onlar arasında mübahisə düşüb. Nurlana körpəni Vüsal Əliyevin yanında qoyaraq pul müqabilində kişilərlə görüşmək üçün evdən çıxıb. Körpənin dayanmadan ağladığını görən Vüsal Əliyev sağ əli ilə ağız və burnunu sıxaraq onu susdurmağa çalışıb. Nəticədə körpə boğularaq ölüb.

Nurlana ifadəsində bildirib ki, uşaq təzə doğulanda Vüsal ilə aralarında bu kimi mübahisələr olmayıb:

“Ruzi təzə doğulanda Vüsal onun atası olmadığı ilə bağlı heç vaxt bir söz deməyib. Çünki buna səbəb də yox idi. Uşaq onun övladı idi. Hətta istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənib. Vüsal məni pul qazanmaq xətrinə pis yola vadar edib. Ona pul lazım olan kimi məni müştərilərlə görüşməyə göndərirdi. Elə hadisə günü də belə olmuşdu. Evə səhərə yaxın qayıdıb gördüm ki, oğlum Ruzi yatağında güclə nəfəs alır və ağzının ətrafında qançırlar var.  Halbuki, uşağı həmin gün çimizdirmişdim və onun yanında sağ-salamat qoyub getmişdim. Mən başa düşdüm ki, uşağı Vüsal boğub. Amma soruşanda dedi ki, guya Ruzi yemək yeyərkən boğulub”.

Nurlana artıq əri Vüsalı bağışladığını deyib:

“Mən evə gələndə qapını Vüsal açdı, içkili idi. Uşağın nəfəsinin gəlmədiyini görəndə ona dedim ki, tez təcili yardım çağırsın. O çağırana qədər mən də Ruziyə süni nəfəs verdim. Amma uşaq artıq ölmüşdü. Bunu gələn tibb işçiləri də təsdiqlədi. Bundan sonra mən Vüsalla dalaşdım. Uşağımı niyə öldürdüyünü soruşdum. Həmin vaxt Vüsal yumruqla başıma, qoluma və sinəmə zərbələr vurdu. Bütün bunlara baxmayaraq Vüsalı bağışlayıram və ondan heç bir tələbim yoxdur”.

Məhkəmədə ifadə verən Vüsal Əliyev deyib ki, 2014-cü ildə avtovağzalda xaçapuri satarkən Nurlana ilə tanış olub:

“Sonra birlikdə yaşamağa başladıq, amma Nurlana mənə xəyanət edirdi, başqa kişilərlə görüşürdü. Buna görə də aramızda tez-tez dava-dalaş olurdu. Sonra mən rayona çıxıb getdim. Təxminən 4 ay orada qaldım. Bu müddət ərzində Nurlana tez-tez mənə zəng edib deyirdi ki, barışaq. Sonra mən yenidən şəhərə qayıtdım və Nurlana hamilə olduğunu dedi. Uzun müddət idi onu görmürdüm və düşündüm ki, uşağın atası mən deyiləm. Amma münasibətimiz korlanmasın deyə bir söz demədim”.

Vüsal Əliyev ifadəsində qeyd edib ki, uşaq anadan olandan sonra onun xəstə olduğunu biliblər, amma müalicəsi üçün maddi imkanları olmayıb:

“Mən fəhlə işləyirdim, Nurlana də limon satırdı. Bəzən də gecələr 20 yanvar yolunda dayanıb müştərilərə cinsi xidmət göstərib pul qazanırdı. Nurlanaya deyirdim ki, “kliyentə” az get, mənə də diqqət göstər. Amma o məni saymırdı. Elə hadisə günü də bəzənib evdən getməyə hazırlaşırdı, hara getdiyini soruşdum. O da dayısıgilə gedəcəyini dedi. Ona inanmadım və dalaşdıq. Sonra Nurlana dedi ki, kirayə pulunun vaxtı çatıb, pul lazımdır. Buna görə də müştəri yanına gedir. Mən də icazə verdim”.

Evdə körpə ilə tək qalan Vüsal uşaq yatarkən mağazaya gedib özünə içki aldığını deyib:

“Pivəni soyuducuya qoydum ki, biraz sərinləsin. Özüm də çimib yatdım. Sonra uşaq qəfil oyanaraq ağlamağa başladı. Mən də Nurlananin hazırlayıb qoyduğu qabdakı yeməyi ona verdim. Uşaq bir az yeyəndən sonra qusmağa başladı. Uşağı sakitləşdirəndən sonra pivəni içdim. Sonra o yenə ağlamağa başladı və mən onu sakitləşdirmək üçün qucağıma alıb öz yanımda yatırtmaq istədim. Ruzini özümə sıxaraq yatmışam. Bilmədən uşağın boynunu sıxdığım üçün boğulub. Nurlana evə gələndə səsə oyandım. Həmin zaman uşağın ağır nəfəs aldığını gördüm. Təcili yardım çağırsam da, uşaq artıq ölmüşdü”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Lamiyə Məmmədova


Digər xəbərlər